001.JPG
10 may 2008

Dövlət Sərhəd Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Mayın 10-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verildi.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən sərhədçilər, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdilər.

 

Məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Sərhədçilər Fondun təşəbbüsü ilə çapdan çıxmış Azərbaycanın mədəniyyəti və tarixi haqqında bəhs edən kitablara baxdılar.

 

Daha sonra sərhədçilər ulu öndərin həyatı haqqında filmə tamaşa etdilər.

 

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev sərhədçilərin ulu öndərin daim diqqət və qayğısı ilə əhatə olunduğunu xatırlatmış, ümummilli liderin xatirəsini hər zaman uca tutduqlarını bildirmişdir. Elçin Quliyev Heydər Əliyev Fonduna Azərbaycan xalçaçılıq məktəbinin bütün elementlərini əks etdirən üzərində Heydər Əliyevin şəkli olan böyük zövqlə toxunmuş xalça təqdim etmişdir.


FOTO