01.JPG
15 may 2008

YUNESKO-nun dünyada savadlılığın dəstəklənməsinə dair Bakıda keçirilən 5-ci regional konfransı işini davam etdirir

YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda 5-ci regional konfrans mayın 15-də işini davam etdirmişdir.


İlk olaraq “Müasir dünyada savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi” mövzusunda “dəyirmi masa” keçirilmişdir. YUNESKO-nun Ömürboyu Təhsil İnstitutunun direktoru Adama Ouen müzakirələri açaraq demişdir ki, əsas diqqət Avropada savad anlayışı, onun inkişafı, ömürboyu öyrənmə perspektivində böyüklərin təhsili kimi məsələlərə yönəldiləcək, səslənən fikirlərdən siyasət və strategiyaların işlənib hazırlanması zamanı istifadə olunacaqdır. Bu, cəmiyyyətin bütün üzvlərinə əsas bacarıqların əldə edilməsində kömək göstərəcək və inkişafa təkan verəcəkdir. Hazırda Avropa ölkələrində savadla bağlı vəziyyəti nəzərə alaraq, böyüklər üçün savad proqramlarına diqqət artırılır. Uğurlu və məsuliyyətli bir həyat sürmək, cəmiyyətin həyatında səmərəli iştirak etmək, müasir dövrün və gələcəyin tələblərinə cavab vermək üçün əlavə bacarıqların lazım olduğunu vurğulayan A.Ouen demişdir ki, bu baxımdan savad və böyüklərin öyrədilməsinin əsas məqsədi fərdlərdə dəyərləndirmə, idarəetmə, inteqrasiyaolunma və qarşılıqlı təsir üçün başlıca bacarıqların inkişaf etdirilməsidir. Əlbəttə ki, bu bacarıqlara oxu, yazı, elmi savad, riyazi bilik, dil bilmək kimi koqnitiv komponentlər daxil deyildir. Bununla belə, sürətli sosial və texnoloji dəyişikliklərin tələbi, iqtisadiyyat və mədəniyyətin qloballaşması, müxtəlifliyin artması, rəqabət və liberallaşma, sosial bərabərsizlik, münaqişələr və yoxsulluğun bütün formaları insanlardan elə bacarıqlar tələb edir ki, bunlar texniki ünsiyyət bacarıqları çərçivəsindən kənara çıxır. Bacarıqların potensial bəhrələri insanlara əmək bazarında, siyasi proseslərdə və sosial şəbəkələrdə uğurla iştirak etməyə imkan verir. Vurğulanmışdır ki, fundamental insan hüququ kimi savad özlüyündə məqsəd deyil, fərdi və ictimai həyatda fəal iştirak, sosial həyata müdaxilə, iqtisadi və humanitar inkişaf üçün, o cümlədən özünəinam və qərarlar qəbulu üçün bir vasitədir.

 

YUNESKO-nun eksperti Aaron Benavot, Niderlandın Yazı və Oxu Fondunun direktoru Marqaret de Vrays, Böyüklərin Təhsili üzrə Avropa Assosiasiyasının prezidenti Yanoş Yigeti Tot, Avropa Komissiyasının Təhsil və mədəniyyət departamentinin nümayəndəsi Marta Ferreyra “dəyirmi masa”da çıxış edərək, təmsil etdikləri qurumlar tərəfindən aparılmış tədqiqat işləri və bunların nəticələri barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumiyyətlə, Avropa İttifaqı ölkələrində savadlılıq anlayışının tərifi fərqlidir. Lakin şəxsi, ictimai və iqtisadi həyat problemlərinin öhdəsindən gəlmək üçün lazımi adekvat savada verilən tələblər eynidir.

 

Bildirilmişdir ki, Avropada 80 milyon aşağı təhsilli fəhlə var və onların ümumi işçi qüvvəsinin üçdə birini təşkil edir. Hesablamalar göstərir ki, 2010-cu ilədək ibtidai təhsili olanlar yeni yaradılacaq iş yerlərinin yalnız 15 faizində çalışa biləcəklər. İş yerlərinin 50 faizi isə yüksək ixtisaslı işçilər tələb edəcəkdir. Bu vəziyyət Aİ ölkələrində insanların xeyli hissəsinin hüquqlarının pozulmasına yol açır. Müasir əmək bazarı savadlılığı aşağı olan insanlara çox məhdud miqdarda iş yeri təklif edir. Hər bir kəsin baza vərdişlərinə yiyələnməsinin həqiqətən mümkünlüyünü təmin etmək Təhsil Şurasının 2010-cu ilədək Təhsil və təlim iş proqramının ən əsas məsələlərindəndir. Avropada böyüklərə baza vərdişlərini yüksəltmək və təsdiqləmək imkanını təmin etmək məsələsi də Avropa Komissiyasının böyüklərin təhsili üzrə Fəaliyyət planının mövzularından biridir.

 

“Dəyirmi masa”da iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Fasilədən sonra konfrans öz işini YUNESKO-nun xoşməramlı səfiri, İordaniya şahzadəsi Ferialın sədrliyi ilə “Ailədə savad və nəsillərarasıöyrənmə” və YUNESKO-nun xoşməramlı səfiri xanım Viqdos Finnboqadottirin sədrliyi ilə “Davamlı inkişaf naminə savad və təhsil” və “Rotary İnternational” təşkilatının nümayəndəsi Örsçelik Balkanın sədrliyi ilə “Səhiyyə sahəsində savadlılıq” mövzuları üzrə işçi qruplarında müzakirələrlə davam etdirmişdir.

 

Həmin gün YUNESKO-nun baş direktorunun müavini Nikolas Börnetin sədrliyi ilə “Savad səviyyələrinin və təməl bacarıqların müəyyən edilməsi və dəyərləndirilməsi” mövzusunda ikinci “dəyirmi masa” keçirilmişdir.

 

N.Börnet vurğulamışdır ki, savadın qiymətləndirilməsi üzrə müasir meyarlar diqqəti yalnız məktəb və savad proqramlarında iştirak edənlərin qeydiyyatını aparmağa deyil, vərdişlərin müxtəlif səviyyə və növlərinin, bacarıqların gündəlik həyatda tətbiqinin qiymətləndirilməsinə yönəldir. Bu cür vərdiş insanın sadəcə oxuyub-yazmaq üçün zəruri bacarıq və vərdişlərə malik olub-olmamasını müəyyənləşdirməkdən müasir elmi cəmiyyətlərdə düzgün istiqamətlənmək bacarığının öyrənilməsinə doğru yönəlir. Deməli, savadın qiymətləndirilməsində yalnız savadlı-savadsız mövqeyindən çıxış etmək kifayət etmir, digər məqamlar da nəzərə alınmalıdır. Savad səviyyəsinin qiymətləndirilməsi həm də müxtəlif əhali qruplarının təhsilə ehtiyacları barədə informasiyanın əldə olunmasını təmin etməlidir.

 

“Dəyirmi masa”da Kanada Statistika İdarəsinin təmsilçisi İvan Klermont, Latviyadan Andres Kanqro, Fransadan Jan Pyer Janto, Rusiyadan Marina Kuznetsova, Polşadan İreneuş Bialetski mövzu ilə bağlı təqdimatlarla çıxış etmiş, savadın ölçülməsi məsələsinin işlənib hazırlanması və istifadəsi haqqında təcrübələrdən danışmışlar. Subregionlarda həyata keçirilmiş qiymətləndirmənin nəticələrindən nümunələr gətirilmiş, siyasətin və fəaliyyətin çərçivəsinin müəyyənləşdirilməsində savad proqramlarından necə istifadə edilməsi, hansı əlavə məlumatların tələb olunması məsələlərinə toxunulmuşdur. Avropa regionunda savadın qiymətləndirilməsi üzrə məlumatların yaradılması və istifadəsi üzrə gələcək beynəlxalq və yerli planlar da müzakirə edilmişdir.


FOTO