01.JPG
16 may 2008

YUNESKO-nun 5-ci regional konfransı başa çatıb

YUNESKO-nun, Heydər Əliyev Fondunun və Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda 5-ci regional konfrans mayın 16-da başa çatmışdır.


Günün birinci yarısında konfrans “Pedaqoji yanaşmalar: keyfiyyətli təməl təliminin inkişaf etdirilməsi” mövzusunda “dəyirmi masa” ilə davam etmişdir.

 

Müzakirələri açan YUNESKO-nun Moskva ofisinin direktoru Mark Riçmond demişdir ki, keyfiyyətli ibtidai təhsili təmin etmək üçün ilkin şərt savad, böyüklərin ibtidai təhsili və peşəkar təlim proqramları vasitəsilə yaxşı hazırlıq keçmiş mütəxəssislərdir. Lakin bir çox hallarda təlim qısa və səthi aparılır. Digər vacib məsələ dərs proqramıdır. Keyfiyyətli dərs proqramlarının tərtibi üçün, ilk növbədə, öyrəncilərin tələblərini təhlil etmək lazımdır.

 

İngiltərədən Con Vorhauz “Böyüklərin savad pedaqogikasına dair tədqiqat: böyüklərin yazma, oxuma və hesab öyrənməsi üçün milli tədqiqat və hazırlıq mərkəzi” mövzusunda çıxışında demişdir ki, tədrisin keyfiyyəti və pedaqoji təcrübədən səmərəli istifadə savadsızlığın aradan qaldırılmasında əsas amillər kimi nəzərə alınmalıdır. O bildirmişdir ki, 2001-ci ildə ingilis dilini ikinci dil kimi öyrənənlər arasında aparılan araşdırmalar göstərmişdir ki, bu sahədə qısa vaxt ərzində nailiyyət qazanılması üçün tədrisin metodikasında müasir elementlər öz əksini tapmalıdır.

 

Hamburqdakı (Almaniya) Böyüklərin Təhsili İnstitutunun direktoru Nüsl fon Ekkexard, Polşadan Eva Prjibilska çıxışlarında savadsızlığın aradan qaldırılması, insanların, o cümlədən miqrantların cəmiyyətə daha sürətlə inteqrasiya olunması üçün müxtəlif layihələr həyat keçirilməsinin əhəmiyyətindən danışmışlar.

 

Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin dekanı Əfqan Abdullayevin keyfiyyətli tədrisə nail olmaq üçün istifadə edilən metodlara dair çıxışı da maraqla qarşılanmışdır. O, həmçinin bildirmişdir ki, 15 yaşdan yuxarı insanların savadlılıq dərəcəsinə görə Azərbaycan 177 ölkə arasında 15-ci yeri tutur.

 

İkinci “dəyirmi masa” “Yeni tələblərə cavab və inteqrasiya olunmuş təlim imkanları sistemlərinin yaradılması” mövzusuna həsr olunmuşdu. Avropa Şurasının nümayəndəsi Sezar Birzenin apardığı “dəyirmi masa”da Serbiya Böyüklərin Təhsili Cəmiyyəti Federasiyasının prezidenti Katarina Popoviç, Avstriyadan olan Lorens Lassniq, İsveçrə Böyüklərin Təhsili Federasiyasının direktor müavini Rut Jermann, Rusiyadan Viktor Bolotov çıxış etmişlər.

 

Azərbaycan MEA-nın akademiki Urxan Ələkbərov “Qaçqınlar və məcburi köçkünlər üçün sabit nəticələrə yönümlü təhsil imkanları: Hökumət, qeyri-hökumət təşkilatları və özəl sektorların əməkdaşlığı” mövzusunda təqdimatında ölkəmizdə savadsızlıqla mübarizədə Heydər Əliyev Fondunun xidmətlərini də vurğulamışdır. O bildirmişdir ki, demokratiyanın təşviqi üçün savadlılığın çox böyük əhəmiyyəti vardır.

 

Müzakirələrdə savadsızlıq probleminə daha geniş yanaşmağın vacibliyi vurğulanmış, bildirilmişdir ki, savadlanmanın həyata keçirilməsində əsas təminatçılar dövlət və QHT-lər olmalıdır. Avropa ölkələrində əsas problem təhsil imkanları üçün əlaqələndirilmiş sistemin olmamasıdır. Savadsızlıq probleminin həlli Avropa ölkələrinin sıx əməkdaşlığına təkan verəcəkdir.

 

YUNESKO-nun baş direktorunun təhsil üzrə müavini Nikolas Börnet konfransı keçirməkdə dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

 

Konfransın yekun tövsiyələri qəbul olunmuş, bunların bütün dünyada təbliğ edilməsi zəruri sayılmışdır.

 

Konfransın bağlanış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov YUNESKO-ya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. Konfransın Azərbaycan üçün böyük əhəmiyyəti olduğunu vurğulayan nazir demişdir ki, bu tədbir ölkəmizdə təhsildə aparılan islahatların daha da təkmilləşdirilməsinə təkan verəcəkdir.


FOTO