12 mart 2008

Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev Muzeyi açılacaqdır

Türkiyənin Ceyhan Bələdiyyəsindən bildirmişlər ki, şəhərin Azərbaycan-Türkiyə Dostluq Parkında Heydər Əliyev muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir.

 

Ceyhanın mərkəzindəki tarixi bina Heydər Əliyev Fondunun və bələdiyyənin təşəbbüsü ilə təmir olunduqdan sonra burada yaradılacaq muzeydə ulu öndərin həyat və fəaliyyətini, Azərbaycanın tarixinə və dövlət suverenliyinə dair sənədlər və fotoşəkillər nümayiş etdiriləcəkdir.

 

Muzeyin təntənəli açılış mərasimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü günü – mayın 10-da olacaqdır. Mərasimdən sonra Azərbaycandan gələn incəsənət ustaları və yerli sənətçilərin iştirakı ilə konsert veriləcəkdir.

 

Heydər Əliyev Fondunun nümayəndəsi Məhəbbət Mehdiyeva və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və Ceyhan bələdiyyəsinin sədri Hüseyn Sözlü muzeyin yaradılması ilə bağlı məsələləri müzakirə etmişlər.