004 MEDENIYYET EVI.JPG
18 mart 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Əzizbəyov rayonunda bir sıra obyektlərdə olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 18-də Bakının Əzizbəyov rayonunda olmuşdur.

 

Fondun prezidenti əvvəlcə Buzovna qəsəbəsində yenidənqurma işləri davam edən Cümə məscidinə gəldi.

 

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində yenidən qurulan bu məscidin tikintisinə hələ 1896-cı ildə başlanmış, 1900-cü ildə inşaat işləri yarımçıq qalmışdı. Sovet dövründə tikilidən anbar və dükan kimi istifadə olunmuşdur. 2006-cı ilin dekabrında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın şəxsi təşəbbüsü ilə məscidin yenidən qurulması üçün smeta dəyəri 700 min manat olan layihə hazırlanmış, 2007-ci ilin fevralında burada iş başlanmışdır.

 

Sahəsi 500 kvadratmetr olan məsciddən başqa burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar vardır. Məscidin hündürlüyü 28 metr, o cümlədən günbəzin hündürlüyü 12 metrdir. Podratçı şirkət indiyədək 550 min manatlıq iş görmüşdür.

 

Mehriban xanımın diqqətinə çatdırıldı ki, tikinti işləri zamanı qadınların və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün imkan yaradılması nəzərə alınmışdır. Belə ki, məscidin 1-ci mərtəbəsində kişilər, 2-ci mərtəbədə isə qadınlar ibadət edəcəklər. Məsciddə eyni vaxtda 500 nəfər namaz qıla biləcəkdir. 2009-cu ilin birinci rübündə tikinti işləri başa çatacaq, sonra məscidin həyəti abadlaşdırılacaq, ağaclar əkiləcəkdir.

 

Görülən işləri yüksək qiymətləndirən Heydər Əliyev Fondunun prezidenti binanın divarlarında bəzək işlərinin milli üslubda aparılması ilə bağlı tövsiyələrini söylədi.

 

Buzovna sakinləri onların problemlərinin həllinə göstərdiyi diqqətə görə Mehriban xanıma minnətdarlıqlarını bildirdilər. Prezident İlham Əliyevin və Mehriban xanımın Novruz bayramını təbrik edən sakinlər Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim etdilər.

 

Mehriban xanım qarşıdakı illərdə hələ çox işlər görüləcəyini vurğuladı, qəsəbə sakinlərini Novruz bayramı münasibətilə təbrik etdi.

 

XXX

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha sonra 3 nömrəli uşaq evinin Buzovnadakı yay düşərgəsinin vəziyyəti ilə tanış oldu.

 

Uşaq evinin direktoru Zöhrə Hüseynova bildirdi ki, 1988-ci ildən uşaq evinin balansına verilmiş yay düşərgəsinin binası hazırda yararsız vəziyyətdədir.

 

Mehriban xanım burada görülməli olan işlərlə maraqlandı.

 

Fondun icraçı direktoru Anar Ələkbərov məlumat verdi ki, araşdırmalar nəticəsində binanın təmirinin səmərəsiz olduğu müəyyən edilmişdir. Ona görə də layihə əsasında yenidən tikilməsinə ehtiyac var.

 

Mehriban xanım Əliyeva tezliklə yeni binanın tikintisinə başlamağın zəruriliyini vurğuladı, bunun üçün təcrübəli mütəxəssislərin iştirakı ilə müvafiq layihə-smeta sənədlərinin hazırlanmasını tapşırdı. Eyni zamanda bildirdi ki, tikinti işlərini gələn yaya qədər başa çatdırmaq lazımdır.

 

Yay düşərgəsində eyni vaxtda 150 uşağın dincələ bilməsi üçün şərait yaradılacaqdır.

 

XXX

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün Şüvəlandakı Uşaqlara və Ailələrə Dəstək Mərkəzinə gəldi.

 

Mərkəz ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Uşaqların xilası” təşkilatı tərəfindən inşa olunmuşdur. Mərkəz xüsusi qayğıya ehtiyacı olan uşaqları və onların ailələrini alternativ qayğı ilə təmin edir, zəruri xidmətləri təşkil edir, təlimlər keçirir və nəticədə uşaqların uşaq evlərinə və internatlara düşmələrinin qarşısı alınır. Burada gündə 100-dək uşaq müxtəlif qruplarda təlimlərdə və dərnəklərdə iştirak edir, idmanla məşğul olur. Mərkəzdə əlil uşaqlar üçün xüsusi avadanlıq da vardır.

 

Mehriban xanım otaqları gəzdi, təlimlərin gedişi ilə maraqlandı, uşaqların əl işlərinə baxdı.

 

Balacalar Mehriban xanımı səmimiyyətlə salamladılar. Onlar nəqliyyat problemlərinin həllinə göstərdiyi köməyə görə Fondun prezidentinə təşəkkür etdilər.

 

Uşaqları Novruz bayramı münasibətilə təbrik edən Mehriban xanım onların ehtiyacları ilə maraqlandı, bundan sonra da tez-tez onların görüşünə gələcəyini bildirdi.

 

Sonda Mehriban Əliyevaya uşaqların əl işlərindən ibarət xatirə hədiyyəsi təqdim olundu.

 

XXX

 

Şüvəlandakı 237 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanı gül-çiçəklə qarşıladılar.

 

1964-cü ildə inşa olunmuş məktəbdə müxtəlif vaxtlarda cari təmir işləri aparılmış, ötən il isə yeni korpus tikilmiş, istilik sistemi qaydaya salınmışdır. Lakin köhnə bina uşaqların dərs keçmələri üçün yararsızdır.

 

Məktəbin iclas salonuna, sinif otaqlarına baxan Mehriban xanıma məlumat verildi ki, Şüvəlandakı 3 məktəbdən yalnız bu məktəbin köhnə binası yararsız vəziyyətdədir.

 

Fondun prezidenti vəziyyətlə tanış olduqdan sonra tədris ilinin axırında təmirə başlamağı tapşırdı, yeni dərs ilinədək işlər tamamlanmasa, uşaqların digər məktəblərdə təhsil almasının təmin olunmasının vacibliyini vurğuladı.

 

XXX

 

Heydər Əliyev Fondunun prezidenti daha sonra Türkan qəsəbəsində mədəniyyət evinin inşa olunacağı əraziyə gəldi.

 

Burada Mehriban xanımı ağsaqqallar, habelə xalq artisti Ağaxan Abdullayev səmimiyyətlə qarşıladılar.

 

Sakinlər həcc ziyarətinə getmələri üçün onlara göstərdiyi köməyə, habelə qəsəbənin problemlərinin həllinə dəstəyinə görə Mehriban xanıma dərin minnətdarlıqlarını bildirdilər, ona müqəddəs Məkkə şəhərindən gətirdikləri “Qurani-Kərim” təqdim etdilər.

 

Eyni zamanda bildirdilər ki, hazırda qəsəbəyə yeni qaz xətti çəkilir, ancaq məhəllədaxili xətlər pis vəziyyətdədir. Sakinlər Mehriban xanımdan bu işdə kömək göstərməyi xahiş etdilər.

 

Heydər Əliyev Fondunun prezidenti əmin etdi ki, sakinləri narahat edən məsələ yaxın vaxtlarda öz həllini tapacaqdır.

 

Qəsəbənin digər problemləri ilə də maraqlanan Mehriban xanım xatırlatdı ki, Prezident İlham Əliyevin Bakıətrafı qəsəbələrin bütün problemlərinin, o cümlədən mavi yanacaqla təminatı məsələsinin həlli ilə bağlı tapşırığı vardır və bu sahədə işlər görülür.

 

Sonra mədəniyyət evinin tikiləcəyi ərazi ilə tanış olan Mehriban xanım Əliyeva binanın layihəsinə də baxdı. Məlumat verildi ki, burada tamaşa salonundan əlavə, kompyuter otağının, kitabxananın, dərnək otaqlarının və s. inşası nəzərdə tutulmuşdur.

 

Mehriban xanım sakinlərin xahişi ilə binanın daha da böyüdülməsi, tamaşa salonunda yerlərin 300-ə çatdırılması barədə tapşırıqlarını verdi. O, tikinti zamanı ərazidəki ağacların qorunmasının vacibliyini vurğuladı, Heydər Əliyev Fondunun icraçı direktoruna qəsəbədə şadlıq evinin tikintisi üçün də layihə hazırlanmasını tapşırdı.

 

Xalq artisti Ağaxan Abdullayev Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş müsabiqələrdən sonra muğama marağın artdığını vurğuladı, yeni tikiləcək mədəniyyət evində muğam dərnəyinin təşkilinin Türkan sakinlərinin ürəyincə olacağını dedi. O, təqvimdə muğam sənəti ilə bağlı günün müəyyən olunması barədə həmkarlarının arzusunun Azərbaycan Prezidentinə çatdırılmasını xahiş etdi.

 

Son illər Əzizbəyov rayonunda görülən işlərdən danışan Mehriban xanım Əliyeva dedi ki, rayonun qəsəbələrinin görkəmi xeyli dəyişmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır. İlk növbədə təhsil probleminə diqqət yetirildiyini bildirən Fondun prezidenti vurğuladı ki, sürətlə inkişaf edən Azərbaycanda köhnə, yararsız məktəb binası olmamalıdır. Hazırda ölkəmizdə bu istiqamətdə böyük işlər görülür.

 

Mehriban xanım qəsəbə sakinləri ilə xatirə şəkli çəkdirdi.

 

XXX

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sonra Türkandakı 262 nömrəli orta məktəbdə oldu.

 

Məktəbin müəllimləri Mehriban xanımı səmimiyyətlə salamladılar, qarşıdan gələn Novruz bayramı münasibətilə onu və Azərbaycan Prezidentini təbrik etdilər.

 

Məktəb binasının vəziyyəti ilə tanış olan Fondun prezidentinə bildirildi ki, 1176 şagird yeri olan məktəbdə hazırda 736 nəfər təhsil alır. 1979-cu ildə inşa olunmuş binada indiyədək təmir işləri aparılmamışdır, dam örtüyü də yararsız vəziyyətdədir.

 

Mehriban xanım tədris ilinin sonunda binanın təmirinə başlamağın zəruriliyini bildirdi, layihə-smeta sənədlərinin hazırlanması barədə müvafiq tapşırıq verdi. O dedi ki, yeni dərs ilinədək təmir işləri başa çatmasa, uşaqların digər məktəblərdə təhsil almasını təmin etmək lazımdır.

 

XXX

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daha sonra Zirə qəsəbəsindəki park kompleksinə gəldi.

 

Fondun dəstəyi ilə salınan kompleksdə mədəniyyət və şadlıq evləri, idman meydançası olacaqdır. Mədəniyyət evi tam hazırdır, burada 120 yerlik salondan əlavə, kitabxana, dərnək otaqları da vardır.

 

Mehriban xanım Əliyeva inşası davam edən 500 nəfərlik şadlıq evinə də baxdı, qəsəbə sakinləri ilə səmimi söhbət etdi. Qəsəbə ağsaqqallarından hacı Əlisahib bildirdi ki, son dörd ildə Zirədə xeyli iş görülmüşdür. Avtomobil yolunun çəkilməsi, mədəniyyət və şadlıq evlərinin tikilməsi, elektrik enerjisi, qaz təchizatı problemlərinin həlli, poçt binasının, ərazi icra nümayəndəliyi və bələdiyyə üçün binaların tikilməsi buna sübutdur. Bütün bunların qəsəbə sakinlərinin ürəyincə olduğunu deyən ağsaqqal qəsəbədaxili su xətlərinin təzələnməsi və bankomat qoyulması barədə xahişlərini də çatdırdı. Eyni zamanda dedi ki, zirəlilər qəsəbənin mərkəzi küçəsinə ümummilli lider Heydər Əliyevin adının verilməsini istəyirlər.

 

Qəsəbə sakinləri Azərbaycanda bu il keçiriləcək prezident seçkilərində alternativsiz namizəd saydıqları İlham Əliyevə səs verəcəklərini bildirdilər.

 

Dövlətimizin başçısının salamlarını çatdıran Mehriban xanım Əliyeva gözəl el bayramı ərəfəsində Əzizbəyov rayonunun sakinləri ilə görüşməkdən məmnunluğunu söylədi. Qəsəbənin bütün problemlərinin qısa zamanda həll olunacağını bildirən Mehriban xanım dedi ki, mənim üçün Əzizbəyov rayonu əzizdir və Zirədə park kompleksinin açılışında mütləq iştirak edəcəyəm.

 

XXX

 

Heydər Əliyev Fondunun prezidenti həmin gün Binə qəsəbəsində 29 nömrəli birləşmiş şəhər xəstəxanasında da oldu.

 

Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, hazırda xəstəxanaya verilmiş bina əsaslı təmir olunmuşdur. Əvvəlki binada isə indi poliklinika fəaliyyət göstərir. Yaxın günlərdə tam hazır olacaq ikimərtəbəli xəstəxana ən müasir avadanlıqla təchiz ediləcəkdir.

 

XXX

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə martın 18-də Novruz bayramı münasibətilə Əzizbəyov rayonunda 4 minədək ailəyə sovqat göndərilmiş, rayon mədəniyyət evində konsert proqramı təşkil olunmuşdur.


FOTO