0_edit.jpg
26 fevral 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Varşavada eşitmə və danışma qabiliyyətindən məhrum olanlar üçün beynəlxalq mərkəzlə tanış olub

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Varşavada eşitmə və danışma qabiliyyətindən məhrum olanlar üçün beynəlxalq mərkəzlə tanış olmuşdur.

 

Azərbaycanın birinci xanımına beynəlxalq mərkəz, burada yaradılan şərait, eşitmə və danışma qabiliyyətini itirən uşaqlarla bağlı görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verildi.

 

Mərkəzin konfrans zalında burada görülən işlər barədə videomaterial nümayiş etdirildi.

 

Daha sonra Mehriban xanım Əliyeva beynəlxalq mərkəzlə yaxından tanış oldu. Qeyd edildi ki, bu mərkəz eşitmənin fiziologiyası və patologiyası üzrə institutun bir bölməsidir. Varşavadan 20 kilometr kənarda yerləşən institutda ildə 11 min nəfər müalicə alır. Onlardan 6 mindən çoxunun üzərində cərrahiyyə əməliyyatı aparılır.

 

Mərkəzlə tanışlıqdan sonra Mehriban xanım Əliyeva fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

 

Sonda Azərbaycanın birinci xanımı mərkəzin kollektivi ilə xatirə şəkli çəkdirdi.


FOTO