28 fevral 2008

Anar Ələkbərov: Xocalı faciəsinin unudulmaması üçün Heydər Əliyev Fondu əlindən gələni əsirgəməyəcəkdir

“Xocalı faciəsini miqyasına və qəddarlığına görə unutmaq mümkün deyil. Bu tarix xalqımızın qan yaddaşında həmişəlik həkk olunmuşdur. Heydər Əliyev Fondu 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş vermiş hadisələri yeni nəslin həmişə yadda saxlaması üçün nə mümkündürsə etməyi özünün vətəndaşlıq və mənəvi borcu hesab edir və bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Biz heç vaxt yol vermərik ki, Xocalı faciəsi unudulsun, biz dünya ictimaiyyəti tərəfindən bu hadisələri xalqımıza qarşı soyqırımı kimi qəbul edilməsinə nail olacağıq. Bu problemin geniş beynəlxalq rezonans qazanması üçün Heydər Əliyev Fondu qeyri-kommersiya ictimai təşkilat kimi öz tərəfindən nə mümkündürsə edəcək”. Bu sözləri AzərTAc-ın xüsusi müxbirinə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə Moskvada keçirilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktiki konfransda iştirak etmiş Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov demişdir.

 

Anar Ələkbərov onu da qeyd etmişdir ki, Fondun Rusiyadakı nümayəndəliyinin Moskvada Rusiya və Azərbaycan gənclərini, Rusiyanın aparıcı ali məktəblərinin tələbələrini cəlb etməklə xalqımızın tarixində faciəli səhifə olan Xocalı soyqırımının 16-cı ildönümünə həsr edilmiş belə bir kütləvi tədbir keçirməsi çox vacib və əhəmiyyətlidir.

 

O demişdir: “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün səyləri artırmaq barədə Prezident İlham Əliyevin tapşırıqlarını və dövlətimizin prioritetlərini nəzərə alsaq, bu gün Heydər Əliyev Fondunun əsas vəzifələrindən biri bu tapşırığın həyata keçirilməsidir. Fikrimcə, Fond bu gün həmin siyasəti layiqincə həyata keçirir, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük işlər görür. Məsələn, 2007-ci ilin dekabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Xocalı faciəsinin 16-cı ildönümünün qeyd edilməsinə hazırlıq işlərinə başlanmışdır. Keçən il Fond bu mövzuya həsr edilmiş bir neçə sərgi keçirmişdir, biz həmin sərgilərin keçirildiyi ölkələrin coğrafiyasını genişləndirərək bu işi davam etdirmişik. Məsələn bir neçə Avropa və ərəb ölkəsində həmin sərgilər vasitəsilə yerli ictimaiyyətə 1992-ci ilin faciəli hadisələri barədə məlumat verilmişdir. Dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə həsr edilmiş fotosərgilər keçirilir, müxtəlif nəşrlər nümayiş etdirilir, dünya mətbuatı həmin faktları geniş ictimaiyyətin nəzərinə çatdırır. 2007-ci ildə Fond həm Bakıda, həm də bəzi başqa dövlətlərdə uşaq evlərində və internat-məktəblərdə tərbiyə alan uşaqlar arasında “Xocalı uşaqların gözü ilə” mövzusunda müsabiqə keçirmişdir. Bu müsabiqənin qaliblərinin əl işləri Moskvada keçirilən tədbirdə təqdim olunmuşdur. Bundan əlavə, bu gün bir sıra ölkələrdə Heydər Əliyev Fondunun nümayəndəlikləri fəaliyyət göstərir. Fondun nümayəndələri bu cür tədbirlər keçirilməsi üçün müxtəlif ölkələrə səfərlər etmişlər. Gələcəkdə biz bu işlərə daha çox qeyri-hökumət və qeyri-dövlət təşkilatlarını cəlb etməyə çalışacağıq. Bu tədbirlərin keçirildiyi ölkələrin kütləvi informasiya vasitələrinin bu mövzuya daha geniş diqqət yetirməsi lazımdır”.

 

Anar Ələkbərov onu da qeyd etmişdir ki, Xocalı faciəsinə həsr edilmiş tədbirlərin keçirilməsi Fondun fəaliyyətində əsas yerlərdən birini tutan ümumi məqsəddir. Heydər Əliyev Fondunun icraçı direktoru demişdir: “Moskvada, Rusiya Federasiyasının bütün ərazisində, eləcə də MDB üzvü olan digər ölkələrdə bu cür tədbirlərin keçirilməsi tariximizin düzgün və obyektiv anlamının bərpa edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu faciəvi hadisələrin düzgün şərh edilməsi, onlara mənəvi-hüquqi qiymət verilməsi zəruridir. Məsələn, sərgilər dünyanın 30-a yaxın ölkəsində keçirilir. Fondun hazırladığı təqdimat materialları artıq dünyanın 60-dan çox ölkəsində yayılmışdır. Onların arasında bizim son nəşrlər – “Qarabağ həqiqətləri” seriyasından broşürlər də var. Bu broşürlər alman, ingilis və fransız dillərində artıq işıq üzü görmüş, ivrit dilinə tərcümə olunmuşdur. Biz həmin materialları Moskvada, elmi-praktiki konfransda yaymışıq. Fondun Azərbaycan XİN ilə birlikdə buraxdığı “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” adlı nəşrin yayılması üçün də fəal iş aparılır. Bu, özlüyündə çox nadir nəşrdir, çünki orada ermənilərin Azərbaycan ərazisində törətdiyi vandalizm aktları, abidələrimizin, Azərbaycana məxsus tarixi dəyərlərin, məzarlıqların məhv edilməsi haqqında təkzibedilməz faktlar və sübutlar gətirilir. Bu kitabda qədim coğrafi xəritələr də öz əksini tapmışdır. Kitaba müvafiq disklər, Xocalıya həsr edilmiş sənədli film və multimedia diski əlavə edilir. Bu gün həmin nəşr də Moskvada təqdim edilmişdir və mənə elə gəlir ki, bugünkü tədbirdə iştirak etmiş tələbələr daha artıq məlumat əldə edəcək və gələcəkdə bu nəşrləri RF-nin müxtəlif qurumlarında yayacaqlar. Belə tədbirlərin çox böyük əhəmiyyəti var. Azərbaycan XİN nümayəndəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemi ilə yaxından məşğul olan Tofiq Musayevin Xocalı faciəsinə həsr olunmuş elmi-praktiki konfransdakı məruzəsi də çox əhəmiyyətlidir. Azərbaycandan olan bu cür mütəxəssislərin fikri Rusiya ictimaiyyəti üçün maraqlıdır. Bu siyasəti davam etdirmək və daim inkişaf etdirmək lazımdır, Azərbaycanın nümayəndə heyətləri müxtəlif ölkələrə səfər etməli, ermənilərin xalqımıza qarşı təcavüzünün mənbələri və nəticələri barədə ictimaiyyəti məlumatlandırmalıdırlar”.