02_TKA-AZARTAC-HEYDAR ALIYEV FONDU ILA TANISHLIQ.JPG
1 may 2008

Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin Bakıda keçirilən VII iclasının iştirakçıları Heydər Əliyev Fondunda olub

Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin Bakıda keçirilən VII iclasının iştirakçıları mayın 1-də Heydər Əliyev Fondunda olmuşlar.


Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə türkdilli ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir.

 

Görkəmli siyasi və dövlət xadiminin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda zəngin təəssürat yaratmışdır.

 

Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat da qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

 

Qonaqlar Fondun Xatirə kitabına ürək sözlərini yazmışlar.

 

Türkiyənin Anadolu Ajansının Baş direktoru Hilmi Bengi Fondla bağlı təəssüratlarını bölüşərək demişdir ki, tarixdə böyük dövlət adamları asanlıqla yetişmir. Heydər Əliyevin bütün mənalı həyatı boyu yüksək vəzifələrdə çalışaraq Azərbaycan xalqının milli lideri məqamına yüksəlməsini buradakı eksponatlardan da aydın gördük. Fondla tanışlıqdan çox məmnun qaldıq.

 

Qazaxıstanın Kazinform agentliyinin prezidenti Dauren Diyarov demişdir ki, Fondla tanışlıq zamanı türk dünyasının ulu öndəri Heydər Əliyevin xalqa olan böyük məhəbbətini görmək mümkündür. Buradakı eksponatlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı belə dahi şəxsiyyəti ilə fəxr edə bilər. Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin əsasını qoymuşdur. Bu gün Azərbaycandakı əmin-amanlıq, tərəqqi Heydər Əliyevin zəkasının əməyinin bəhrəsidir.


FOTO