001.jpg
15 may 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətində olub

Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə Bakıda keçirilən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransın iştirakçılarının bir qrupu mayın 15-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qonaqları səmimiyyətlə qarşıladı.

 

YUNESKO-nun baş direktoruna məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir, xalı və xalçalarımız dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

 

Sonra 2007-ci ilin sentyabrında toxunuşuna başlanmış “Şeyx Səfi” xalçasının kəsilməsi mərasimi oldu. YUNESKO-nun baş direktoru Koişiro Matsuura və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalçanı kəsdilər.

 

Qonaqlara bildirildi ki, əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik “Şeyx Səfi” xalçasına 9,25 milyon ilmə vurulmuşdur.

 

Koişiro Matsuura gözəl kompozisiyalı xalçanın onda heyranlıq doğurduğunu bildirdi.

 

Sonra söhbət Mehriban xanımın təşəbbüsü ilə yaradılmış və Azərbaycan xalçalarının nümayiş olunduğu “Sehrli naxışlar” qalereyasında çay süfrəsi arxasında davam etdirildi.

 

Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir.

 

YUNESKO-nun baş direktoru Azərbaycan xalçalarının gözəlliyinə valeh olduğunu bir daha vurğuladı, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasını, Mehriban xanımın bu işlərə hamilik etməsini yüksək qiymətləndirdi.


FOTO