001.JPG
29 may 2008

Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti mayın 29-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonaqlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də elm, təhsil, mədəniyyət, səhiyyə və sair sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Çexiya nümayəndə heyəti Fondun zəngin sərgi və ekspozisiyası ilə maraqla tanış olmuşdur. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurmuşdur.

 

Qonaqlar Fonddan xoş təəssüratla ayrıldılar.