001.JPG
3 sentyabr 2008

OANA İcraiyyə Komitəsinin 30-cu iclasının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilən 30-cu iclasının iştirakçıları sentyabrın 3-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.

 

İclas iştirakçıları ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində mətbuatın inkişafına böyük diqqət və qayğı göstərmişdir.

 

Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bundan əlavə, Fond bir çox sahələrdə genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazdılar.


FOTO