001.JPG
4 sentyabr 2008

Heydər Əliyev Fondu bu il ölkənin bütün birinci sinif şagirdlərini öz töhfəsi ilə sevindirəcəkdir

Heydər Əliyev Fondu bu il ölkənin bütün birinci sinif şagirdlərini öz töhfəsi ilə sevindirəcəkdir. Artıq Fondun xüsusi sifarişi əsasında hazırlanmış 130 min çanta və dərs ləvazimatı ölkənin bütün təhsil ocaqlarına, o cümlədən lisey və internat məkrtəblərinə təqdim olunmuşdur.


“Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və dərs ləvazimatının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Ötən il bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyə almışlar.

 

2008-2009-cu dərs ili ərəfəsində həyata keçirilən aksiyanın miqyası isə daha genişdir. Bu aksiya bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanacaq çantaların sayı 130 minə bərabərdir. Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulmuşdur.

 

“Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan 140 adda plakat Azərbaycanın bütün ümumtəhsil məktəblərini əyani vəsaitlə təmin etməyə imkan verəcəkdir. Hazırlıq prosesi bir il əvvəl başlamış, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işçi qrupu yaradılmış, xarici ölkə və yerli mütəxəssislərlə məsləhətləşmələr aparılmışdır. Hazırlanan plakatlar Təhsil Nazirliyi tərəfindən təstiq olunmuşdur. Tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə müxtəlif fənlər üzrə hazırlanan plakatın hər birində 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir. Plakatlar respublikanın bütün regionlarını əhatə edən ümumtəhsil məktəblərinə paylanacaqdır.

 

Heydər Əliyev Fondu ölkəmizdə yasayan milli azlıqların təhsilinin inkisafına da diqqət və qayğı ilə yanaşır. 2006-cı ildə Heydər Əliyev Fondu “Təhsilə dəstək” layihəsi çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd orta məktəbinin 1-2-ci sinif şagirdlərinə gürcü dilində nəşr edilən yeni dərsliklər və məktəb ləvazimatı paylamışdı. Fondun bu cür təşəəbbüsləri növbəti illərdə daha geniş miqyas almışdır.

 

“Təhsilə dəstək” layihəsi məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını da nəzərdə tutur. Layihə çərçivəsində bölgələrdə və Bakı kəndlərində uşaq bağçaları əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilmişdir. Bu istiqamətdə yenidən qurulan uşaq bağçalarından biri Binə qəsəbəsində yerləşir. Əsaslı təmirdən sonra istifadəyə verilən bağça balacaların intellektual inkisafına kömək edən müxtəlif əyani vəsait, kitab və digər müasir avadanlıqla təmin olunmuşdur.

 

Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdəki fəaliyyətinin cografiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayır.

 

Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Burada Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti diqqəti cəlb edir.

 

2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmamış, məktəbə kompyuter dəsti və dərs vəsaiti göndərilmişdir.

 

2008-ci ilin fevralinda isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, istifadəyə verilmişdir. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunmuşdur.

 

Rusiyanın “Puşkin kitabxanası” Fondu ilə qurulan əməkdaşlıq da ölkəmizdə elm, təhsil və mədəniyyətin inkisafına yönələn dəyərli hadisədir. Rusiyada son illər nəşr edilən müxtəlif elm sahələrinə aid 4 min kitab, 800 dərslik Fondun və şəxsən Mehriban xanımın təşəbbüsü ilə respublikamızın ali məktəblərinə təqdim edilmişdir.

 

Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla davam edir. 2008-2009-cu tədris ili üçün Fondun təşəbbüsü ilə ölkə ərazisində yeni məktəb binaları inşa olunmaqla layihə çərçivəsində tikilən məktəblərin sayı 237-ə çatdırılmışdır.


FOTO