001.JPG
24 sentyabr 2008

Misirin birinci xanımı Syuzan Mübarək və YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinnoyanis Heydər Əliyev Fondunda olublar

Bakıda keçirilən Dünya gənclərinin IV məşğulluq sammitində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Misirin birinci xanımı Syuzan Mübarək və YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinnoyanis sentyabrın 24-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qonaqları səmimiyyətlə qarşıladı.

 

Mehriban xanım qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

 

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

 

Syuzan Mübarək və Marianna Vardinnoyanis Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdılar.

 

Sonra Heydər Əliyev Fondunun fəaliyyətinə dair film nümayiş olundu.

 

Qonaqlar Fondun eyvanından Bakının mənzərəsini seyr etdilər.


FOTO