002.jpg
24 yanvar 2007

Yunanıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri Heydər Əliyev Fondu ilə tanış olublar

Yunanıstan parlamentinin Azərbaycan Respublikası Milli Məclisi ilə dostluq qrupunun sədri Harakopoulos Maximosun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 24-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar haqqında ətraflı məlumat verildi. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular.

 

Yunanıstan parlamentinin üzvləri görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən foto-sənədlərə xüsusi maraq göstərdilər.

 

Qonaqlara bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Nümayəndə heyətinin rəhbərinə Fondun fəaliyyətindən bəhs edən kitab hədiyyə edildi. 


FOTO