01_BOEINQ BASH DIREKTORU - HEYDAR ALIYEV FONDU - ZIYARAT.JPG
6 fevral 2007

“Boinq-Mülki aviasiya təyyarələri” şirkətinin prezidenti Heydər Əliyev Fondunda olub

“Boinq-Mülki aviasiya təyyarələri” şirkətinin prezidenti və baş icraçı direktoru Skott Karsonun başçılıq etdiyi nümayəndə heyəti fevralın 6-da Heydər Əliyev Fondunda olmuşdur.


Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi.

 

Qonaqlar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən Skott Karson haqqında çoxlu məlumatlar aldığı məşhur dövlət xadiminin ötən əsrin ən nəhəng tikintilərindən olan Baykal-Amur magistralının tikintisinə də rəhbərlik etməsinin onun üçün yenilik olduğunu bildirdi.

 

Qonaqlara məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Skott Karson xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin şərəfli adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi. Nümayəndə heyətinin rəhbərinə Fondun fəaliyyətindən bəhs edən kitab, “Qarabağ xanəndələri” musiqi albomu, üzərində ümummilli lider Heydər Əliyevin əksi olan xatirə nişanı təqdim olundu.

 

Qonaqlar ulu öndərin portreti önündə xatirə şəkli çəkdirdilər.


FOTO