001.jpg
7 mart 2007

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı İlker Başbuğun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı İlker Başbuğun rəhbərlik etdiyi nümayəndə heyəti martın 7-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağı səmimiyyətlə qarşıladı və ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun yaranma tarixi, məqsədləri barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəblər tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Fondun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatıdır, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiridir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən ordu generalı İlker Başbuğ görkəmli siyasi xadim Heydər Əliyevin xüsusi dövlət xidmət orqanlarında işlədiyi, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu dövrləri, Türkiyənin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdi. Ulu öndərin Azərbaycanda milli ordu quruculuğu, hərbi məktəblərin yaradılması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatı diqqətlə dinləyən ordu generalı İlker Başbuğ Heydər Əliyevin bütün türk dünyasının fəxri olduğunu vurğuladı, onun xatirəsinə İstanbul, Ceyhan, İğdır və Qarsda abidələr ucaldıldığını bildirdi.

 

Qonaq xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə yaradılmış Fondla tanışlığın onda zəngin təəssürat doğurduğunu ifadə etdi.

 

Türkiyənin Quru Qoşunları komandanına Fondun fəaliyyətindən bəhs edən kitab və "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.

 

Qonaq da Fonda hədiyyələr bağışladı.

 

Sonra qonaqlar Fondun fəaliyyətinə həsr olunmuş filmə baxdılar.


FOTO