01.jpg
15 fevral 2007

Malayziya nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Malayziya Baş nazirinin departamentində nazir Məhəmməd Nəzri Əbdüləziz və onu müşayiət edən şəxslər fevralın 15-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun həyatının ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə tanış olan qonaqlar görkəmli siyasi xadim Heydər Əliyevin Moskvadakı genişmiqyaslı fəaliyyətini əks etdirən fotolara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla tamaşa etdilər. Nazir Məhəmməd Nəzri Əbdüləziz vaxtilə dünyanın ən nəhəng dövlətinin - SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin adının bütün müsəlman dünyasında məşhur olduğunu bildirdi.

 

Qonaqlara məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də müxtəlif sahələrdə layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyeva İSESCO-nun - 51 müsəlman dövlətinin təmsil olunduğu İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiridir.

 

Nazir xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

 

Nümayəndə heyətinin rəhbərinə Fondun fəaliyyətindən bəhs edən kitab hədiyyə olundu.

 

Malayziya naziri də Fonda xatirə hədiyyəsi bağışladı.

 

Nazir Məhəmməd Nəzri Əbdüləziz ulu öndərin portreti önündə xatirə şəkli çəkdirdi.


FOTO