22 fevral 2007

Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır

Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. Fondun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva ötən il "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimindəki çıxışında demişdir: 

"Bugün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.

 

Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.

 

Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur".

 

Bu istiqamətdə görülən məqsədyönlü iş 2005-ci ildə Fondun yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması ilə başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar öz əksini tapmışdır.

 

İndi on beş illiyini sonsuz ağrı-acı ilə qeyd etdiyimiz Xocalı soyqırımı da portalda ayrıca bölmə kimi təqdim olunmuş, 1992-ci ilin fevralında erməni quldurlarının törətdiyi qırğın haqqında geniş məlumatla yanaşı, burada qanlı faciəni əks etdirən fotoşəkillər də yerləşdirilmişdir.

 

Fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq, bir çox xarici ölkələrdə yayılmışdır. Hazırda bu nəşrin başqa dillərə tərcüməsi davam edir.

 

Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar isə Heydər Əliyev Fondu xüsusi layihə həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçiriləcəkdir.

 

Xarici ölkələrdə keçiriləcək anma mərasimləri Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı "Xocalı soyqırımı" filminin nümayişi ilə başlayacaqdır. Mərasimlərə dəvət olunanlar erməni şovinistlərin Xocalıda törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillərlə və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallarla tanış olacaqlar. Bu tədbirlərdə Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar da təqdim olunacaqdır.

 

Bu aksiyalarda "Qarabağ həqiqətləri" toplusunun geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulmuşdur. İctimai rəyi formalaşdırmağa yönələn bu kimi tədbirlər Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Lidiçe, Tbilisi və başqa şəhərlərin sakinlərinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya almağa imkan yaradacaqdır.

 

Keçirilən aksiyaların xarici ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün də tədbirlər görülür.