01.jpg
26 yanvar 2007

Lənkəranın Liman şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni məktəb binasının açılışı olub

Yanvarın 26-da Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Lənkəranın Liman şəhərində inşa edilmiş 1200 şagird yeri olan məktəb binasının açılış mərasimi olmuşdur.

 

Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından müəllim və şagirdləri, valideynləri yeni təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, Fondun həyata keçirdiyi layihə çərçivəsində 2005-ci ildə 132, 2006-cı ildə isə 58 məktəb tikilib istifadəyə verilmiş, bu il də yeni məktəblərin inşası davam etdiriləcəkdir.

 

Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, təhsil şöbəsinin müdiri Səmədağa Abdullayev və məktəbin direktoru Kamil Hüseynov mərasimdə çıxış edərək regionlarda təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Qonaqlar yeni təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olmuşlar. "Şəbəkə" kiçik müəssisəsinin inşaatçıları tərəfindən qısa müddətdə müasir üslubda tikilmiş təhsil ocağı yeni avadanlıq və məktəb ləvazimatları ilə təmin edilmişdir.

 

Sonra Heydər Əliyev Fondunun əməkdaşları Lənkəran şəhərinin mərkəzi meydanında salınmış Heydər Əliyev parkına gələrək ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

 

Fondun icraçı direktoru Anar Ələkbərov və Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov parkda inşa edilən Heydər Əliyev muzeyinin tikintisi və burada aparılan abadlıq işləri ilə də tanış olmuşlar.

 

Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli internat məktəbi də istifadəyə verilmişdir.

 

Mərasimdə məktəbin direktoru Ofelya Qəmbərova çıxış edərək Heydər Əliyev Fondunun əməkdaşlarını müəllim və şagird kollektivi adından salamlamış, ölkəmizdə təhsilin inkişafı və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığını vurğulamış, valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

 

Toplantıda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti Mehriban xanım Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırmış, əsaslı təmirdən sonra təhsil və tərbiyə ocağının istifadəyə verilməsi münasibətilə məktəbin şagird və müəllim kollektivini təbrik etmişdir.

 

Qonaqlar internat məktəbində uşaqlar üçün yaradılan şəraitlə yaxından tanış olmuş, onlarla bir yerdə nahar etmişlər. 


FOTO