12 mart 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi” mövzusunda Qətərdə keçirilən regional konfransda iştirak edib

Martın 12-də Qətər Dövlətində YUNESKO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunmuş "Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi" mövzusunda regional konfrans başlanmışdır.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva konfransda iştirak etmək üçün martın 12-də Qətərə gəlmişdir.

 

Azərbaycanın birinci xanımını paytaxt Dohanın hava limanında Qətər Əmirinin xanımı Şeyxa Moza Bint Nasir əl-Minsəd səmimiyyətlə qarşıladı.

 

İki ölkənin birinci xanımlarının həmin gün keçirilmiş görüşü zamanı ərəb dövlətlərində xüsusilə yaşlı nəsil arasında savadsızlığın aradan qaldırılmasına yönəldilmiş konfransın əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.

 

Regional konfransı Qətər Əmirinin xanımı Şeyxa Moza Bint Nasir əl-Minsəd açaraq, tədbirdə beynəlxalq səviyyədə təhsil sahəsində böyük xidmətləri olan şəxslərin iştirak etdiyini bildirdi. İştirakçılar arasında Azərbaycan Prezidentinin xanımının xüsusilə fərqləndiyini vurğulayan Qətər Əmirinin xanımı dedi ki, Mehriban xanım Əliyeva ixtisasca göz həkimidir. Azərbaycan parlamentinin deputatı olmaqla yanaşı, YUNESKO-nun Xoşməramlı səfiridir. Bu sahədə səmərəli fəaliyyətinə görə BMT-nin yüksək mükafatına layiq görülmüşdür. Təhsil məsələlərinə həsr olunmuş növbəti konfrans Bakıda keçiriləcək və Mehriban xanım sanki bu estafeti qəbul etmək üçün burada iştirak edir.

 

Sonra çıxış edən Oman Sultanlığının YUNESKO-dakı daimi nümayəndəsi Musa bin Cəfər bin Həsən ərəb dünyasında savadsızlığın ləğvinin aktual problemlərindən danışdı.

 

YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxışında dünyada 850 milyon yeniyetmənin oxumağı və yazmağı bacarmadığını bildirdi. Bu problemin həlli baxımından belə konfransların əhəmiyyətindən danışan baş direktor savadsızlığın ləğvi sahəsinə investisiya qoyuluşuna ciddi ehtiyac olduğunu söylədi.

 

Azərbaycan Prezidentinin xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva qlobal problemə həsr olunmuş konfransa dəvətə görə Qətər Əmirinin xanımına təşəkkürünü bildirdi. Mehriban xanım Əliyeva dedi ki, bütün problemlər savadsızlıqdan doğur. Müasir elmin nailiyyətlərindən və mütərəqqi texnologiyalardan istifadə etməyən ölkələrin tərəqqi etməməsi göz qabağındadır. Yer üzündə milyonlarla uşaq və yeniyetmənin təhsildən kənarda qalması isə dözülməzdir. Mehriban xanım Əliyeva bu mənada Qətərdə keçirilən konfransın mühüm önəm daşıdığını söylədi.

 

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı barədə konfrans iştirakçılarına məlumat verən Mehriban xanım Əliyeva ümumi daxili məhsulun artım dinamikasına görə dünyada aparıcı yer tutan Azərbaycanda dövlət siyasətinin sosial yönümlü olduğunu faktlarla əsaslandırdı. O, xüsusilə təhsil sahəsində həyata keçirilən dövlət proqramının səmərəli nəticələrindən söhbət açdı. Eyni zamanda, ölkəmizin qarşılaşdığı ən ağrılı problem - Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyona qədər insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı xatırlandı, bununla əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması, xüsusilə doğma məktəblərini itirmiş uşaqların təhsili üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışdı. Mehriban xanım Əliyeva Azərbaycanın YUNESKO və İSESKO ilə yaxından əməkdaşlıq etdiyini də vurğulayaraq dedi ki, Azərbaycan bu təşkilatların xətti ilə regionda təhsil problemlərini öyrənən mərkəzə çevrilmək imkanlarına malikdir.

 

Sonra konfransda Suriya və Livan prezidentlərinin xanımları çıxış etdilər. ABŞ Prezidentinin xanımının isə videomüraciəti nümayiş etdirildi. Konfransın açılış mərasiminin sonunda dünyada savadsızlıq probleminə həsr edilmiş film göstərildi.

 

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın konfransda çıxışı Qətərin dövlət televiziyası və məşhur "Əl-Cəzirə" telekanalı ilə canlı yayımlanmışdır.