01.jpg
22 fevral 2007

Moldovanın Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Moldovanın Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 22-də Heydər Əliyev Fondunda olmuşdur.


Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi.

 

Baş nazir ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə, Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla tamaşa etdi. Cənab Vasile Tarlev görkəmli siyasi xadim Heydər Əliyevlə şəxsən tanış olduğunu, dəfələrlə onun söhbətlərinə qulaq asdığını, zəkasına və intellektinə heyran qaldığını bildirdi, sadə bir azərbaycanlı ailəsində doğulub böya-başa çatmış insanın keçmiş Sovetlər Birliyi kimi nəhəng dövlətin ali rəhbərliyinə yüksəlməsini onun fenomen şəxsiyyətinin təsdiqi olduğunu vurğuladı. Bildirdi ki, görkəmli dövlət xadimi kimi Heydər Əliyev bütün müttəfiq respublikalarda, o cümlədən Moldovada məşhur idi.

 

Qonaqlara məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, ümummilli liderin arzularının reallaşmasına öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO və İSESCO-nun xoşməramlı səfiridir.

 

Baş nazir Xatirə kitabına ürək sözlərini yazdı, Fondla tanışlıqdan aldığı təəssüratı ifadə etdi.

 

Moldova hökumətinin başçısına Fondun fəaliyyətindən bəhs edən kitab və "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.

 

Vasile Tarlev ölkəsinin təbii zənginliklərini əks etdirən kitabı Fonda bağışladı və Moldovanın ictimai, qeyri-hökumət təşkilatları ilə Fond arasında əlaqə qurulmasına yardım edəcəyini bildirdi.


FOTO