001.jpg
4 aprel 2007

"Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" mövzusunda beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Fondunda olublar

"Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qrupu aprelin 4-də Heydər Əliyev Fondunda olmuşdur.


Fondun əməkdaşları dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqları səmimiyyətlə qarşıladılar,onlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, fəaliyyəti barədə məlumat verildi.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı mərhələlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə nəzər yetirən qonaqlar Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu illərə aid fotoşəkillərə, onun işləyib hazırladığı Azərbaycanın yeni neft strategiyasının zirvəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdilər. Müdrik şəxsiyyyətin dövlət rəhbəri kimi siyasi fəaliyyətində islam ölkələri ilə əlaqələrin genişlənməsinə, Azərbaycanda tarixən təşəkkül tapmış dini dözümlülüyün, tolerantlığın qorunub saxlanmasına, respublikada müxtəlif dinlərə mənsub insanların mehriban bir ailədə yaşamasına həmişə xüsusi diqqət yetirdiyi barədə məlumatları olduğunu vurğuladılar.

 

Hörmətli qonaqlara məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin dünyada təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO və İSESCO-nun Xoşməramlı səfiridir.

 

Qonaqlar görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə yaradılmış Fonddan zəngin təəssürat aldıqlarını söylədilər.

 

Fondla tanışlıq zamanı konfrans nümayəndələrini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov müşayiət edirdi.


FOTO