0.jpg
3 may 2007

Belarus Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Fondunda olub

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 3-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Fondun prezidenti Mehriban Əliyeva ali qonağı səmimiyyətlə salamlayaraq, onu müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun qaldıqlarını bildirdilər.

 

Dövlət başçıları və Mehriban xanım Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun yaranması, məqsədi, fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri barədə sənədli filmə baxdılar.

 

Prezident Aleksandr Lukaşenko Fondun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirdi.

 

Sonra Azərbaycan Prezidenti ali qonağı Fondun ekspozisiyası ilə tanış etdi.

 

Ulu öndərin uşaqlıq, təhsil illərinə aid fotoşəkillər, sənədlər, vaxtilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsindəki, habelə Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar Aleksandr Lukaşenkoda xüsusi maraq oyatdı. O, keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi yüksək nüfuz qazanmış görkəmli şəxsiyyətin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və bunun təməli olan iqtisadi islahatların həyata keçirilməsində həlledici rolunu yüksək dəyərləndirdi.

 

Prezident İlham Əliyev həmkarını ulu öndərin neft strategiyasının zirvəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə də tanış etdi, bu layihənin nəinki regionda, həm də bütün dünyada geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğuladı.

 

Aleksandr Lukaşenko ümummilli lider Heydər Əliyevin dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri ilə görüşlərini, dünyanın müxtəlif ölkələrində onun xatirəsinə ucaldılan abidələri əks etdirən fotoşəkillərə də maraqla baxdı.

 

Belarus Prezidenti Xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə öz dərin ehtiramını bildirdi və Fondla tanışlıqdan zəngin təəssürat aldığını vurğuladı.

 

Fondun prezidenti Mehriban xanım Əliyeva ali qonağa xatirə hədiyyəsi təqdim etdi.


FOTO