005.jpg
9 aprel 2007

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey Heydər Əliyev Fondunda olub

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey aprelin 8-də Heydər Əliyev Fondunda olmuşdur.


Patrik Hikeyi və xanımını səmimiyyətlə qarşılayan Fondun əməkdaşı hörmətli qonaqları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun qaldığını bildirmişdir.

 

Fondun zəngin ekspozisiyaları ilə tanış olan qonaqlar ulu öndərin uşaqlıq, gənclik, təhsil illərinə aid fotoşəkillər, sənədlər, öz əlilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsində, habelə Moskvada fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.

 

Patrik Hikey keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi yüksək nüfuz qazanmış görkəmli şəxsiyyətin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və bunun əsas təməli olan iqtisadi islahatların aparılmasında, habelə elmin, mədəniyyətin, idmanın inkişafında Heydər Əliyevin həlledici rolunu yüksək qiymətləndirmişdir. Onun zəkasının bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə də tanış olan qonaq, bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğulamışdır.

 

Patrik Hikey Heydər Əliyevin dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri ilə görüşlərini, dünyanın müxtəlif ölkələrində onun xatirəsinə ucaldılan abidələri əks etdirən fotoşəkillərə də maraqla baxmışdır.

 

Bildirilmışdır ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Eyni zamanda, son iki ildə respublikanın bütün regionlarında Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fondun son layihəsi olan "Hərəmiz bir ağac əkək!" çağırışı bütün ölkədə geniş əks-səda doğurmuş, qısa müddətdə 100 mindən çox ağac əkilmişdir. Elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair də bir neçə layihə həyata keçirilmişdir. 29 uşaq evi və internat məktəbi yenidən qurularaq təzə, müasir avadanlıqla təchiz olunmuşdur.

 

Xüsusi vurğulanmışdır ki, Mehriban xanım Əliyeva həm də Azərbaycan Gimnastika Federasiyasının prezidentidir, idmanın bu növünün inkişafında böyük təşkilatçılıq işləri həyata keçirir. Onun təşəbbüsü ilə bədii gimnastika üzrə 27-ci dünya çempionatı Bakıda keçirilmişdir. Fond dünyanın bir çox beynəlxalq qurumları, ictimai, qeyri-hökumət təşkilatları ilə də sıx əlaqə yaratmışdır.

 

Patrik Hikey Xatirə kitabına ürək sözlərini yazmış və Fondla tanışlıqdan zəngin təəssürat aldığını bildirmışdir.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından Patrik Hikeyə xatirə hədiyyələri təqdim edilmişdir.

 

Fondla tanışlıq zamanı Patrik Hikeyi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və dirgər şəxslər müşayiət etmişlər.


FOTO