8 iyun 2007

Litvanın mədəniyyət naziri Yonas Yuças Heydər Əliyev Fondunda olub

Litvanın mədəniyyət naziri Yonas Yuças iyunun 8-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun əməkdaşı Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Fond tərəfindən Rusiya və digər Avropa ölkələrində nəşr olunmuş 5 min müxtəlif adda dərslik, elmi, bədii ədəbiyyat alınıb respublikamızın ali məktəblərinə paylanmışdır.

 

Litvanın mədəniyyət naziri Yonas Yuças Fondun muzeyinə baxdı. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən litvalı qonaq görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Baltikyanı respublikaların iqtisadi inkişafına da kömək göstərdiyini, ölkəsində onun adına, şəxsiyyətinə həmişə böyük hörmət və ehtiram bəsləndiyini bildirdi.

 

Litvanın mədəniyyət naziri Fondun xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan Fondla tanışlığın onda zəngin təəssürat doğurduğunu dedi.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından Litvanın mədəniyyət naziri Yonas Yuçasa Fondun fəaliyyətinə həsr edilmiş kitab hədiyyə edildi.