007.jpg
30 aprel 2007

Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev Heydər Əliyev Fondunda olub

Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev aprelin 30-da Heydər Əliyev Fondunda olmuşdur.


Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi.

 

Fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərlə tanış olan Muxu Əliyev ümummilli liderimizin ailə albomundan götürülmüş şəkillərə, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının (BAM) çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, BAM-ın 1 nömrəli sərnişini vəsiqəsinə, ulu öndərin layiq görüldüyü yüksək orden və mükafatlara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdi.

 

Dağıstanlı qonaq görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinin bütün keçmiş İttifaq məkanında, xüsusilə qonşu Dağıstanda həmişə hörmətlə anıldığını, onun bütün Qafqazın müdrik ağsaqqalı kimi tanındığını bildirdi.

 

Muxu Əliyevə məlumat verildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Muxu Əliyev Xatirə kitabına ürək sözlərini yazdı, görkəmli şəxsiyyətin şərəfli adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

 

Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın adından Dağıstan Respublikasının Prezidentinə “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə etdi.

 

Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev xatirə olaraq Fonda hədiyyə təqdim etdi.


FOTO