03_TURKIYA-KONSTITUSIYA MAHKAMASININ SADRI- HEYDAR ALIYEV FONDUNDA.jpg
11 may 2007

Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Tülay Tuğcu Heydər Əliyev Fondunda olub

Mayın 11-də Türkiyənin Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu Heydər Əliyev Fondunda olmuşdur. 

 

Fondun əməkdaşı hörmətli qonağı səmimiyyətlə qarşıladı və Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri barədə məlumat verdi.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Fondun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatıdır, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiridir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən Türkiyənin Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu görkəmli siyasi xadim Heydər Əliyevin xüsusi xidmət orqanlarında işlədiyi, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu dövrləri, Türkiyənin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdi.

 

Ulu öndərin Azərbaycanda hüquqi demokratik dövlət, ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatı diqqətlə dinləyən xanım Tülay Tuğcu Heydər Əliyevin bütün türk dünyasının fəxri olduğunu vurğuladı, onun xatirəsinə İstanbul, Ceyhan, İğdır və Qarsda abidələr ucaldıldığını bildirdi.

 

Qonaq xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə yaradılmış Fondla tanışlığın onda zəngin təəssürat doğurduğunu söylədi.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından Türkiyənin Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcuya Fondun layihəsi əsasında hazırlanmış “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edildi.

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova hörmətli qonağı müşayiət edirdi.


FOTO