002.JPG
21 may 2007

Fransa Senatının Qafqaz dostluq qrupunun rəhbəri senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Fransa Senatının Qafqaz dostluq qrupunun rəhbəri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də Heydər Əliyev Fondunda olmuşdur.


Fondun əməkdaşı hörmətli qonaqları səmimiyyətlə qarşılamış və Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri barədə məlumat vermişdir.

 

Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkənin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən fransalı senator görkəmli siyasi xadim Heydər Əliyevin xüsusi xidmət orqanlarında işlədiyi, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu dövrləri, xarici dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişdir.

 

Ümummilli liderin Azərbaycanda hüquqi, demokratik dövlət, ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatı diqqətlə dinləyən senator və nümayəndə heyətinin üzvləri Heydər Əliyevin Fransada da yaxşı tanındığını vurğulamışlar.

 

Fransa Senatının Qafqaz dostluq qrupunun rəhbəri, senator Ambruaz Düpon Xatirə kitabına ürək sözlərini yazmış, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə yaradılmış Fondla tanışlığın onda zəngin təəssürat oyatdığını söyləmişdir.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından senator Ambruaz Düpona Fondun layihəsi əsasında hazırlanmış “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edilmişdir.

 

Heydər Əliyev Fondu ilə tanışlıq zamanı qonaqları Milli Məclisin deputatları Qənirə Paşayeva və Gülər Əhmədova müşayiət etmişlər.


FOTO