18 iyul 2007

ÜAK-da azərbaycanlı abituriyentlərin Rusiya ali məktəblərinə qəbul imtahanları keçirilib

İyulun 18-də Moskvada, Ümumrusiya Azərbaycan Konqresinin binasında Rusiyada yaşayan və Rusiya məktəblərini bitirən Azərbaycan vətəndaşları üçün qəbul imtahanları keçirilmişdir.


Rusiya Təhsil Nazirliyi ikitərəfli sazişə əsasən öz ali məktəblərinə Azərbaycandan olan abituriyentlər üçün norma ayırır. Azərbaycan Təhsil Nazirliyi isə bu yerlərin bir hissəsini, milliyyətindən asılı olmayaraq, müəyyən səbəblərdən Rusiyada yaşayan və orada kamal attestatı alan Azərbaycan vətəndaşları üçün ayırır.

 

Bu il ilk dəfə ÜAK qəbul imtahanlarını Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi ilə birlikdə keçirmişdir. İmtahanlardan əvvəl keçirilən rəsmi hissədə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Leyla xanım Əliyeva, habelə ÜAK-ın Təhsil Komitəsinin sədri Tofiq Məlikli, komitənin sədr müavini Xumar Əliyeva, Konqresin icraçı direktoru Eldar Quliyev, abituriyentlərin valideynləri çıxış etmişlər.

 

Leyla Əliyeva ali məktəblərə qəbul imtahanlarında iştirak edən həmvətənlərimizi təbrik edərək, onlara uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, gənclərin hamısı sınaqdan müvəffəqiyyətlə çıxacaqlar. Leyla Əliyeva demişdir: “Biz, Rusiyada oxuyan və işləyən gənclər Azərbaycanı ləyaqətlə təmsil etməli və tanıtmalıyıq. Heydər Əliyev Fondu təhsilə çox böyük diqqət yetirir. Yarandığı vaxtdan ötən üç il ərzində Fondun təşəbbüsü ilə Azərbaycanda 190-a yaxın məktəb tikilmiş və yenidən qurulmuşdur. Fond dünyada, - Pakistanda, Rusiyada, Türkiyədə, Rumıniyada məktəblər tikir və təhsilə yardım edir. Hazırda Rusiyada da Fondun nümayəndəliyi fəaliyyət göstərir. Biz bütün sahələrdə çox işlər görəcəyik və düşünürəm ki, böyük uğurlar qazanacağıq”.

 

Tofiq Məlikli, Xumar Əliyeva və Eldar Quliyev qəbul imtahanlarının təşkilinə görə Heydər Əliyev Fondunun nümayəndəsi L.Əliyevaya, Azərbaycan və Rusiya hökumətlərinə təşəkkürlərini bildirmişlər. Diasporun nümayəndələri vurğulamışlar ki, bu, Rusiya ərazisində yaşayan bütün azərbaycanlılar üçün fərəhli hadisədir və həmvətənlərimizə Rusiyanın aparıcı dövlət ali məktəblərində təhsil almaq imkanı verəcəkdir.

 

Abituriyentlərin valideynləri övladlarına Rusiyada təhsillərini davam etdirmək imkanı yaratdıqlarına görə Azərbaycan dövlətinə, ölkə Prezidenti İlham Əliyevə, habelə Heydər Əliyev Fonduna, Ümumrusiya Azərbaycan Konqresinə və hər iki ölkənin təhsil nazirliklərinə minnətdarlıqlarını bildirmişlər.

 

Təntənəli hissədən sonra Leyla Əliyeva test tapşırıqları olan zərfi açmışdır.

 

Bu il Rusiyanın müxtəlif regionlarında orta məktəbləri uğurla, bəziləri isə qızıl və gümüş medallarla bitirən 26 abituriyent imtahan vermişdir. Son illər Rusiyada bu sistem üzrə 30 nəfər azərbaycanlı tələbə təhsil alır.

 

Sonra Leyla Əliyeva ÜAK-ın Təhsil komitəsinin üzvləri ilə görüşmüşdür. Onlar qurumun fəaliyyəti, əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişlər.