002.JPG
24 may 2007

Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetləri Assosiasiyasının prezidenti akademik Viktor Sadovniçi Heydər Əliyev Fondunda olub

Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetləri Assosiasiyasının prezidenti, akademik Viktor Sadovniçi mayın 24-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun icraçı direktoru Anar Ələkbərov qonağı səmimiyyətlə qarşılamış və Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat vermişdir.

 

Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş, lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyənin, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Fond tərəfindən Rusiyada nəşr olunmuş 5 min müxtəlif adda dərslik, elmi, bədii ədəbiyyat alınıb respublikamızın ali məktəblərinə paylanmışdır.

 

Akademik Viktor Sadovniçi və onu müşayiət edən qonaqlar sonra Fondun muzeyinə baxmışlar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən rusiyalı qonaq görkəmli siyasi xadim Heydər Əliyevin orta və ali məktəblərdə yalnız “əla” qiymətlərlə oxumasına diqqət yetirmişdir. Onun Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən ali məktəblərin maddi-texniki bazasının inkişafına böyük kömək göstərdiyini, o cümlədən MDU-ya xüsusi diqqət və qayğı yetirdiyini vurğulamış, bu kollektivdə həm Heydər Əliyevə, həm də Azərbaycan Prezidenti İlham Əliyevə həmişə böyük hörmət və ehtiram bəsləndiyini bildirmişdir.

 

Akademik Viktor Sadovniçi məşhur dövlət xadimi Heydər Əliyev ilə dəfələrlə görüşüb həmsöhbət olduğunu, hər dəfə də bu dahi şəxsiyyətin zəkasına, şəxsiyyətinə heyran qaldığını, ona böyük ehtiram bəslədiyini söyləmişdir.

 

Akademik Viktor Sadovniçi Fondun xatirə kitabına ürək sözlərini yazmış, görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan Fondla tanışlığın onda zəngin təəssürat doğurduğunu demişdir.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından akademik Viktor Sadovniçiyə Fondun layihəsi əsasında hazırlanmış “Qarabağ xanəndələri” musiqi albomu və qurumun 2004-2007-ci illərdəki fəaliyyətinə həsr edilmiş kitab hədiyyə edilmişdir.

 

Akademik Viktor Sadovniçi böyük mütəfəkkir Mixail Lomonosovun 1775-ci ildə Sankt-Peterburqda nəşr olunmuş, rus dilinin qrammatikasına dair ilk kitabı və rus ustalarının əl işi olan hədiyyəni Fonda bağışlamışdır.

 

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva da qonaqla birlikdə Fondda olmuşlar.


FOTO