12_TACIKISTAN-PREZIDENTI-SAFAR-HEYDAR ALIYEV  FONDU-TANISHLIQ.jpg
13 avqust 2007

Tacikistan Prezidenti Emoməli Rəhmon Heydər Əliyev Fondunda olub

Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 13-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan dövlətinin başçısını burada səmimiyyətlə qarşıladı. Qonaqlar əvvəlcə kinozalda Fondun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən söhbət açan sənədli filmə baxdılar.

 

Sonra Tacikistan Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, ölkəmizin qonaqlarında əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu regional layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Prezident İlham Əliyev Tacikistan rəhbərinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

 

Tacikistan Prezidenti Emoməli Rəhmon fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış oldu, onların ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotoşəkillərə böyük maraqla baxdı.

 

Prezidentlər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də baxdılar. Tacikistan Prezidenti Fondun xatirə kitabına ürək sözlərini yazdı, ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə dərin hörmətini, ulu öndərin tacik xalqına göstərdiyi qayğını, onun Tacikistanda daim xatırlandığını bildirdi, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda uğurlar arzuladı.

 

Tacikistan dövlətinin başçısına xatirə hədiyyələri təqdim edildi.

 

Prezident Emoməli Rəhmon da Fonda hədiyyə bağışladı.

 

Azərbaycan və Tacikistan prezidentləri Fondun eyvanından Bakının mənzərəsini seyr etdilər.


FOTO