29 may 2007

Luvr muzeyinin direktoru Anri Luaret Heydər Əliyev Fondunda olub

Luvr muzeyinin direktoru Anri Luaret mayın 29-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun əməkdaşı hörmətli qonağa Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Fond tərəfindən Rusiyada nəşr olunmuş 5 min müxtəlif adda dərslik, elmi, bədii ədəbiyyat alınıb respublikamızın ali məktəblərinə paylanmışdır. 1674-cü ildə Parisdəki Versal sarayında yaradılmış və Dünya Mədəni İrs siyahısına salınmış açıq səma altındakı iki nadir heykəlin Fond tərəfindən bərpası barədə verilən məlumat qonağı razı saldı.

 

Luvr muzeyinin direktoru Anri Luaret və onu müşayiət edən qonaqlar sonra Fondun muzeyinə baxdılar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə diqqətlə tamaşa edən fransalı qonaq görkəmli siyasi xadim Heydər Əliyevin orta və ali məktəblərdə yalnız “əla” qiymətlərlə oxumasına diqqət yetirdi. Onun Moskvada keçmiş SSRİ hökumətinin rəhbərlərindən biri kimi, eləcə də müstəqil dövlət quruculuğuna başlayan gənc Azərbaycan dövlətinin lideri kimi genişmiqyaslı fəaliyyətini yüksək dəyərləndirdi. Fransa-Azərbaycan dostluğunun təməlinin də məhz onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qoyulduğunu vurğuladı, müdrik dövlət xadimi Heydər Əliyevin xatirəsinə Fransada hər zaman böyük ehtiram bəsləndiyini söylədi.

 

Luvr muzeyinin direktoru Anri Luaret Fondun xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan Fondla tanışlığın, bu qurumun çoxşaxəli fəaliyyətinin onda zəngin təəssürat doğurduğunu dedi.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından qonağa Fondun layihəsi əsasında hazırlanmış “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edildi.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqla birlikdə Fondda olmuşdur.