01.jpg
2 oktyabr 2007

Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Heydər Əliyev Fondunda olub

Xorvatiya Prezidenti Stepan Mesiç oktyabrın 2-də Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini burada səmimiyyətlə qarşıladı.


Prezident İlham Əliyev Xorvatiya Prezidentinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.


Xorvatiya Prezidenti Stepan Mesiç fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış oldu, onların ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotoşəkillərə böyük maraqla baxdı.


Prezidentlər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də baxdılar. Xorvatiya Prezidenti Stepan Mesiç Fondun xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin şəxsiyyətinə dərin hörmətini ifadə etdi, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda uğurlar arzuladı.


Xorvatiya Prezidentinə xatirə hədiyyələri təqdim edildi.


Ali qonaq Fonddan zəngin təəssürat aldığını söylədi.


FOTO