15 sentyabr 2007

Şüvəlan qəsəbəsindəki 156 nömrəli orta məktəbin yeni binasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sentyabrın 15-də Şüvəlan qəsəbəsindəki 156 nömrəli orta məktəbin yeni binasının açılış mərasimində iştirak etmişlər.


Məktəblilər, müəllimlər və valideynlər Prezidenti və xanımını böyük sevinclə, gül dəstələri ilə qarşıladılar.


1935-ci ildə tikilmiş orta məktəb son vaxtlar lazımi standartlara cavab vermirdi. Ona görə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsi çərçivəsində Fondun vəsaiti hesabına tamamilə yenidən qurulmuşdur. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ötən ilin sentyabrında burada yenidənqurma işlərinin başlanması mərasimində iştirak etmiş, bu ilin iyununda isə məktəbə gələrək, işlərin gedişi ilə maraqlanmışdır.


1140 şagird üçün nəzərdə tutulmuş, 50 sinif otağı olan üçmərtəbəli bina indi müasir standartlara tam cavab verir. Məktəbin həyətində gözəl bağ salınmışdır, futbol, basketbol meydançaları var.


Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, stendlərdə isə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə və uşaqlara göstərdiyi qayğını əks etdirən fotoşəkillər nümayiş etdirilir.


Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu tərəfindən birinci sinif şagirdlərinin hər birinə hədiyyə edilən, lazımi məktəb ləvazimatları ilə dolu məktəbli çantalarına baxdılar.


İbtidai sinif müəlliməsi Sevil Haşımova dedi ki, çantalarda birinci sinif şagirdinə lazım olan hər bir ləvazimat, habelə Azərbaycan, eləcə də dünya xalqlarının nağıllarından ibarət kitabçalar, disklər var. Mehriban xanım, sizə təşəkkür edirəm, Fondun hədiyyələri uşaqlara çox böyük sevinc bəxş etmişdir. İndi biz müəllimlərin üzərinə daha böyük məsuliyyət düşür. Biz də əlimizdən gələni əsirgəməyəcəyik.


Uşaqlar da hədiyyələrə görə təşəkkür etdilər, əla oxuyacaqlarına söz verdilər.


Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkür edərək, məktəbin Heydər Əliyev Fondunun xətti ilə faktiki olaraq yenidən tikildiyini və burada gözəl müasir şərait yaradıldığını vurğuladı və uşaqlara yaxşı oxumalarını tövsiyə etdi.


Prezident İlham Əliyevə məlumat verildi ki, bu ildən məktəbə 5 yaşından olan uşaqlar da qəbul edilərək, hazırlıq keçəcəklər. Onlar üçün xüsusi istirahət otağı tikilmişdir. Balacalar özlərinin dünyagörüşünə uyğun oyunlar vasitəsilə təhsil alacaqlar. Uşaqlar burada qala da bilərlər. Bu sistem hələlik digər məktəblərdə yoxdur.


Prezident İlham Əliyev məktəbin kitabxanası, müasir standartlara cavab verən 100 nəfərlik yeməkxanası, kompyuter otaqları, kimya və fizika kabinetləri, idman salonu ilə tanış oldu.


Prezident İlham Əliyev dərs ilinin başlanması, “Bilik günü” və yeni binanın açılışı münasibətilə müəllim və şagirdləri təbrik etdi. Prezidentə məktəbin əvvəlki vaxtlarını əks etdirən fotoalbom təqdim olundu.


Müəllimlər minnətdarlıq edərək dedilər ki, cənab Prezident, bizim üçün yaratdığınız bu gözəl şəraitə, gözəl Azərbaycanımıza görə, ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideyasının davamçısı olduğunuza görə Sizə çox sağ olun deyirik. Bütün bunlar bizim də məsuliyyətimizi artırıbdır. Söz veririk ki, bu məktəbdə Azərbaycanımıza layiq gənclər yetişdirəcəyik. Çünki onlar sabahkı Azərbaycanımızın layiqli vətəndaşları olmalıdırlar. Biz bunu dərk edirik və əlimizdən gələni əsirgəməyəcəyik. Heydər Əliyev Fondunun əməkdaşları bizimlə daim əlaqə saxlayıblar, bütün problemlərimizlə maraqlanıblar. Mehriban xanım, buna görə sizə dərin təşəkkür edirik.


Prezident İlham Əliyev dedi ki, bu, son illər ərzində Azərbaycanda ən gözəl məktəblərdən biridir. Mənə məktəbin əvvəlki şəkillərini göstərdilər. O, tamamilə yararsız vəziyyətdə idi, uşaqlar, müəllimlər üçün çətin idi. İndi gözəl şərait var, dünya səviyyəli bir məktəbdir. Ona görə gərək uşaqları yaxşı oxudasınız.


Sonra Prezident İlham Əliyev və xanımı müəllimlər və uşaqlarla xatirə şəkli çəkdirdilər.