001.jpg
6 sentyabr 2007

Heydər Əliyev Fondu “Təhsilə dəstək” layihəsi çərçivəsində yeni dərs ili ilə bağlı növbəti aksiyaya başlayıb

Fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər görür. Fondun “Təhsilə dəstək” layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir.


Heydər Əliyev Fondu yeni tədris ili ilə bağlı növbəti aksiyaya başlamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə sentyabrın 15-də Fondun təşəbbüsü ilə yüksək keyfiyyətlə hazırlanmış məktəbli çantaları və dərs ləvazimatı paylanacaqdır.


Aksiya çərçivəsində Fond Sabirabad, Bərdə, Biləsuvar, İmişli və digər bölgələrdə məskunlaşmış 15 minə yaxın məktəblini sevindirəcəkdir. Bundan əvvəl, 2004-2006-cı illərdə “Təhsilə dəstək” layihəsi çərçivəsində həyata keçirilən belə aksiyalar 60 min məktəblini əhatə etmişdir.


FOTO