03_RUSIYA HOKUMAT SADRININ MUAVINI -HEYDAR ALIYEV FONDUNDA.JPG
31 avqust 2007

Rusiya Federasiyası hökuməti Aparatının rəhbəri – hökumət sədrinin müavini Sergey Narışkin Heydər Əliyev Fondunda olub

Rusiya Federasiyası hökuməti Aparatının rəhbəri - hökumət sədrinin müavini Sergey Narışkin avqustun 31-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun əməkdaşı hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verdi. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlər, o cümlədən Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu dövrə aid eksponatlar rusiyalı qonaqda böyük maraq doğurdu. O, görkəmli dövlət xadimi Heydər Əliyevin adının bütün keçmiş ittifaq məkanında, xüsusilə Rusiyada həmişə hörmətlə anıldığını bildirdi.

 

Sergey Narışkinə məlumat verildi ki, Heydər Əliyev Fondu həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Sergey Narışkin xatirə kitabına ürək sözlərini yazdı, Azərbaycanın görkəmli oğlunun şərəfli adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etdi.

 

Qurumun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından Rusiya hökuməti sədrinin müavininə Fondun fəaliyyətindən bəhs edən kitab hədiyyə etdi.

 

Qonaq Fondun son mərtəbəsindən Bakının mənzərəsini seyr etdi.

 

Fondla tanışlıq zamanı Sergey Narışkini Baş nazirin birinci müavini Yaqub Eyyubov müşayiət edirdi.


FOTO