18 sentyabr 2007

“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Balakən və Lerikdə yeni məktəb binaları istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür.


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) də bu proqram çərçivəsində mühüm tədbirlər həyata keçirir. Artıq şirkətin maliyyə vəsaiti hesabına inşa olunmuş bir neçə məktəb binası yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilmişdir. Bu məqsədlə yeni dərs ilinin ilk günündə ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndələri Balakən və Lerik rayonlarında olmuşlar.


Sentyabrın 15-də Balakən rayonundakı İtitala kəndində 450 şagird yerlik, Roçəhməd kəndində 120 yerlik orta məktəb binalarının açılışı olmuşdur. R.Abdullayev Dövlət Neft Şirkətinin bundan sonra da “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həyata keçirilən işlərə öz töhfələrini verəcəyini bildirmişdir.


Daha sonra ARDNŞ nümayəndələri rayonun Qazma kəndinə gəlmiş və buradakı orta məktəb binasında olmuşlar. ARDNŞ prezidenti məktəbdə görülmüş işlərlə tanış olmuş, müəllim və valideynlərin arzularını, təkliflərini dinləmişdir. Kənd sakinləri ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ARDNŞ-in maliyyə vəsaiti hesabına inşa edilmiş Lerik rayonu Malik Baxışov adına 3 nömrəli orta məktəb binasının açılış mərasimi olmuşdur.


Müasir standartlara uyğun tikilmiş üçmərtəbəli, 500 şagird yerlik orta məktəb binasının rəmzi açılışını bildirən lent kəsilmişdir. Təhsil ocağının açılışı və yeni dərs ilinin başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən şirkət prezdenti R.Abdullayev hazırda ölkə başçısı İlham Əliyevin bilavasitə rəhbərliyi ilə təhsil sistemində aparılan islahatlardan söz açmış, bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əhəmiyyətindən danışmışdır.


Tədbirdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramı əsasında bölgələrdə müasir tələblərə cavab verən yeni-yeni təhsil ocaqları tikilib istifadəyə verilir və bu kampaniya təhsilin inkişafına şərait yaradır. Onlar Lerik rayon ictimaiyyəti adından təhsilə göstərdikləri qayğıya görə ölkəmizin rəhbərinə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.