01_ZAHA HADID - HEYDAR ALIYEV FONDU.jpg
10 sentyabr 2007

Məşhur memar Zaha Hadid Heydər Əliyev Fondunda olub

Məşhur memar xanım Zaha Hadid sentyabrın 10-da Heydər Əliyev Fondunda olmuşdur.


Hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verildi. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlər xanım Zaha Hadiddə zəngin təəssürat yaratdı.


Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə, dünyanın məşhur siyasətçi, elm və incəsənət xadimləri ilə birgə şəkillərinə, haqqında yazılan kitablara, dünyanın müxtəlif ölkələrində xatirəsinə ucaldılmış abidələrin fotolarına maraqla tamaşa edən məşhur memarın suallarına da cavab verildi.


Xanım Zaha Hadidə bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bununla yanaşı, Fond həm də təhsil, səhiyyə, sosial sahələrdə də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.


Xanım Zaha Hadid Fondun xatirə kitabına ürək sözlərini yazdı.


FOTO