002.jpg
10 oktyabr 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Yeniyetmə və müasir cəmiyyət: hüquqlar və məsuliyyət” mövzusunda konfransda iştirak edib

Oktyabrın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla Əliyeva “BibliObraz-2007” beynəlxalq festivalı çərçivəsində keçirilən “Yeniyetmə və müasir cəmiyyət: hüquqlar və məsuliyyət” konfransında iştirak etmişlər. Konfrans Rusiyanın birinci xanımı Lyudmila Putinanın təşəbbüsü və iştirakı ilə təşkil olunmuşdur.


Böyük Kreml sarayının Aleksandr salonunda keçən konfransın işində Rusiyanın tanınmış elm, mədəniyyət və təhsil xadimləri, “BibliObraz-2007” beynəlxalq festivalında təmsil olunan ölkələrin nümayəndələri iştirak etmişlər. Forumda uşaqların və yeniyetmələrin keyfiyyətli qiraəti öyrənməsi, yüksək bədii keyfiyyətli ədəbiyyat seçimi hüquqlarının həyata keçirilməsi, yeniyetmələr mühitində qiraətin inkişafı üçün dövlətin və cəmiyyətin məsuliyyəti ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.


Əsas məruzələrlə çıxış edən Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru Vyaçeslav Stepin, Təhsilin Sosiologiyası Mərkəzinin direktoru Vladimir Sobkin, “Puşkinskaya biblioteka” fondunun baş direktoru Mariya Vedenyapina, Sankt-Peterburq Universitetinin rektoru Lyudmila Verbitskaya və başqaları kitabın nüfuzunu və kitab oxumağa marağı artırmaq məqsədi ilə səyləri artırmağın zəruri olmasını vurğulamışlar. Bildirilmişdir ki, qiraət, ilk növbədə, yüksək bədii məziyyətləri ilə seçilən ədəbiyyat şəxsiyyətin təkamülündə və onun sosiallaşmasında mühüm rol oynayır. Ana dilinin sərvətlərinin qorunub saxlanması və artırılması üçün çox güclü mexanizm olan qiraət insanın mənəviyyatını möhkəmləndirir, təxəyyülü və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Bu, şəxsiyyətin təşəkkülü prosesində çox mühüm mərhələ olan yeniyetməlik yaşında xüsusilə vacibdir.


Konfransda uşaq və yeniyetmələrin kitab oxumağı keyfiyyətli şəkildə öyrənmək hüquqlarına riayət edilməsi, bu hüquqların həyata keçirilməsi, yeniyetmələr mühitində bədii ədəbiyyata və kitaba müsbət münasibət formalaşdırılması məsələlərinə də toxunulmuşdur. Bildirilmişdir ki, informasiya əldə etməyin elektron üsulları ilə yanaşı, yeni nəsillərin kitaba daha tez-tez müraciət etmələri, kitaba hörmətlə yanaşmaları və onu yüksək qiymətləndirmələri üçün mümkün olan bütün tədbirlər görülməlidir.


Konfrans iştirakçıları dövlət strukturlarının, valideynlərin və elmi-pedaqoji ictimaiyyətin, müəlliflərin və naşirlərin diqqətini yeniyetmələr arasında qiraətin populyarlaşdırılmasına və onlar üçün əlverişli kitab mühiti yaradılmasına yönəlmiş xüsusi tədbirlər keçirilməsinin aktuallığına cəlb etmişlər.


Elmi konfrans başa çatandan sonra xanım Putina Moskvada keçirilən tədbirlərdə, o cümlədən konfransda fəal iştirakına görə Mehriban xanıma səmimi minnətdarlığını bildirmişdir. O, “BibliObraz-2007” meqalayihəsini dəstəklədiyinə görə də Azərbaycanın birinci xanımına ürəkdən təşəkkür etmişdir.


Mehriban xanım Əliyeva da Rusiya paytaxtına dəvət olunmasına və tədbirlərin yüksək səviyyədə təşkil edilməsinə görə, eləcə də səfər müddətində ona göstərilən qonaqpərvərliyə görə Lyudmila Putinaya minnətdarlığını bildirmişdir.


FOTO