005.jpg
1 noyabr 2007

Qətər Əmirinin xanımı, Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir əl-Misnəd Heydər Əliyev Fondunda olub

Ölkəmizdə səfərdə olan Qətər Əmirinin xanımı, Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir əl-Misnəd noyabrın 1-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Qətər Əmirinin xanımını xüsusi qonaqpərvərliklə, səmimiyyətlə qarşıladı.

 

Azərbaycanın və Qətərin birinci xanımları əvvəlcə Fondun fəaliyyətinə həsr olunmuş sənədli filmə baxdılar.

 

Sonra hörmətli qonaq Fondun muzeyi ilə tanış oldu. Mehriban xanım xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi.


Şeyxa Moza bint Nasir əl-Misnəd görkəmli siyasi xadim Heydər Əliyevin həyatının ayrı-ayrı dövrlərini, genişmiqyaslı fəaliyyətini əks etdirən fotoşəkillərə, sənədlərə maraqla baxdı.

 

Azərbaycanın birinci xanımı hörmətli qonağı maraqlandıran suallara cavab verərək, ulu öndərin xalqımız, müstəqil dövlətimiz üçün gördüyü misilsiz işlərdən danışdı. Ümummilli liderimizin bütün siyasi fəaliyyəti dövründə Şərq, müsəlman ölkələri ilə əlaqələrin güclənməsinə, milli mənəvi, dini dəyərlərimizin qorunub saxlanmasına böyük əhəmiyyət verdiyini vurğuladı.

 

Şeyxa Moza bint Nasir əl-Misnəd Xatirə kitabına yazdığı ürək sözlərində Fondla tanışlıqdan məmnun qaldığını vurğuladı, Mehriban xanıma xeyirxah fəaliyyətində uğurlar arzuladı.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə görüşü oldu.


FOTO