2 noyabr 2007

“Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans başa çatıb

Bakıda, “Gülüstan” sarayında keçirilən “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın rəsmi hissəsi noyabrın 2-də başa çatmışdır.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın himayəsi ilə təşkil olunmuş bu mötəbər tədbirdə Gənclər Səyyar Cavabvermə komandasının təqdimatı olmuşdur. İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumuna üzv dövlətlərin hər birindən nümayəndənin təmsil olunduğu komanda gənclərin sivilizasiya ittifaqı uğrunda beynəlxalq səviyyəli iş aparacaqdır.

 

Portuqaliyanın sabiq prezidenti, BMT baş katibinin Sivilizasiyaların İttifaqında yüksək nümayəndəsi Jorj de Sampayo konfransın yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və gənclər hərəkatına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. O, Bakıda müzakirə olunan məsələlərin, o cümlədən mədəniyyətlərarası dialoqun, əldə olunan razılaşmaların dünya üçün faydalı olduğunu söyləmişdir.

 

Konfrans iştirakçıları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Qətər Dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə xatirə şəkli çəkdirdilər.

 

Sonra “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransın yekun sənədi - “Nəsillərarası Alyans” adlı Bakı Bəyannaməsi qəbul edildi. Bu rəsmi sənəd 2008-ci ilin yanvarında İspaniyanın Madrid şəhərində BMT tərəfindən keçiriləcək İllik Qlobal Alyans Forumuna təqdim olunacaqdır.

 

Məlumat verildi ki, Qərb və Şərqi Asiya ölkələrindən, habelə İslam Konfransı Təşkilatından 45 gənc liderin iştirak etdiyi beynəlxalq konfrans günlərində elm, mədəniyyət və sosial sahələrdə müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr edilmişdir.

 

Konfransda belə bir ümumi fikir də vurğulandı ki, bu cür tədbirlər həm Azərbaycan haqqında müsbət imicin formalaşması, dolğun informasiyanın yayılması baxımından əhəmiyyətlidir, həm də müxtəlif ölkələrin nümayəndələri bilavasitə özləri Azərbaycandakı vəziyyətlə yaxından tanış olurlar.