2 edit.JPG
6 noyabr 2007

Türkiyə Prezidenti Abdullah Gül və xanımı Hayrünnisa Gül Heydər Əliyev Fondunda olublar

Noyabrın 6-da Türkiyə Prezidenti Abdullah Gül və xanımı Hayrünnisa Gül Heydər Əliyev Fondunda olublar.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyənin dövlət başçısını və onun xanımı Hayrünnisa Gülü böyük səmimiyyətlə qarşıladılar.

 

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

 

Türkiyə dövlətinin başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı. Türk dünyasının böyük oğlu Heydər Əliyevin qardaş ölkəyə səfərlərini, eləcə də, Türkiyə Cümhuriyyətinin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərlərini, birgə görüşləri əks etdirən fotolar qonaqlarda xüsusi maraq doğurdu.

 

Prezident Abdullah Gül fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

Qardaş ölkənin Prezidentinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olundu. Prezident Abdullah Gül isə Azərbaycan Prezidentinə və xanımı Mehriban Əliyevaya xüsusi hədiyyəsini təqdim etdi.

 

Dövlət başçıları və xanımları birgə şəkil çəkdirdilər.

 

Ali qonaq Fonddan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.


FOTO