22 oktyabr 2007

Misir Ərəb Respublikası Xalq Məclisinin Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Heydər Əliyev Fondunda olublar

Misir Ərəb Respublikası Xalq Məclisinin ölkəmizdə səfərdə olan Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri oktyabrın 23-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan Fondun yaranması, fəaliyyəti, ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verilmişdir.


Fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olan qonaqlar, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də maraqla baxmışlar.


Nümayəndə heyətinin rəhbəri Əhməd Ömər Həşim Fondun xatirə kitabına ürək sözlərini yazmış, bütün müsəlman Şərqində, o cümlədən Misirdə adı hər zaman hörmətlə çəkilən görkəmli siyasi xadim Heydər Əliyevin şəxsiyyətinə dərin hörmətini ifadə etmiş, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda uğurlar arzulamışdır.