22 oktyabr 2007

Küveyt Dövləti Milli Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasir Casim əl-Saninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Küveyt Dövləti Milli Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasir Casim əl-Saninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-də Heydər Əliyev Fondunda olmuşdur.


Əvvəlcə qonaqlara ümummilli liderimiz Heydər Əliyevin adını yaşadan Fondun yaranması, fəaliyyəti haqqında məlumat verilmişdir. Görkəmli siyasi xadimin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaratmışdır.


Ulu öndərimizin hələ dünyanın ən nəhəng dövlətlərindən biri olan SSRİ-nin ali rəhbərliyində çalışarkən Yaxın Şərq ölkələri ilə dostluq əlaqələrinin möhkəmlənməsinə, dini-mənəvi dəyərlərimizin qorunub saxlanmasına həmişə xüsusi diqqət yetirdiyi konkret faktlarla qonaqların diqqətinə çatdırılmışdır.


Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın 2006-cı ilin sonlarında İSESKO-nun Xoşməramlı səfiri adına layiq görüldüyü bildirilmişdir. Fondun həyata keçirdiyi layihələr haqqında məlumat da qonaqlar tərəfindən maraqla qarşılanmışdır.


Nümayəndə heyətinin rəhbəri Nasir Casim əl-Saniyə Fondun nəşri olan, Qarabağ həqiqətləri haqqında geniş faktların toplandığı ingilis dilində kitab təqdim edilmişdir.


Küveytli deputatlar Fondla tanışlıqdan xoş və zəngin təəssürat aldıqlarını bildirmişlər.