04.JPG
18 noyabr 2007

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Heydər Əliyev Fondunda olub

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl noyabrın 18-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Burada zəngin ekspozisiyalar ilə tanış olan hörmətli qonağa onun böyük dostu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədlərindən danışıldı. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadimin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar Süleyman Dəmirəldə xoş təəssürat yaratdı. O, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.

 

Görkəmli dövlət xadiminin Türkiyə liderləri, o cümlədən qonağın özü ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri sabiq prezidentdə böyük təəssürat doğurdu.

 

Süleyman Dəmirəl xatirə kitabına ürək sözlərini yazdı: “Azərbaycanın dəyərli Cümhurbaşqanı, türk dünyasının ulduz liderlərindən biri, türkün böyük övladı, əziz dostum və qardaşım mərhum Heydər Əliyevin muzeyi Azərbaycan xalqının qədirbilənliyinin möhtəşəm bir göstəricisidir. Çox şad oldum. O böyük dövlət adamının əbədiyyətə qədər yaşayacağına inanıram. Xatirəsi türk millətinin dərin qəlbindədir. Xatirəsini sayğı ilə anıram. Allah rəhmət eləsin. Rahat uyu, əziz qardaşım. Gözəl ölkən və bütün türk dünyası səni sevir və sayır”.

 

Qonağa Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından hədiyyə verildi.

 

Görkəmli siyasi xadim Fondun eyvanından Bakının mənzərəsini seyr etdi.

 

Süleyman Dəmirəl AzərTAc-ın müxbirinə müsahibəsində dedi ki, dəyərli Cümhurbaşqanı, əziz qardaşım, böyük dövlət adamı, türk dünyasının ulduz liderlərindən biri olan Heydər Əliyevin məzarını və muzeyini ziyarət etdim. Çox şad oldum. Çünki Azərbaycan xalqının qədirbilənliyinə bələdəm. Bu böyük insanın Azərbaycan xalqına, türk xalqına böyük xidmətləri məni məftun etmişdir. Mərhum Heydər Əliyev türk dünyasının qəlbində əbədiyyətə qədər var olacaqdır. Mən onu sədaqətlə anıram. O, insanlara böyük örnəkdir. Azərbaycan xalqına şadlıq və səadət, Azərbaycan dövlətinə sonsuzluğa qədər var olmağı arzulayıram.


FOTO