24 oktyabr 2007

Litva Seyminin xarici işlər daimi komitəsinin sədri Yustinas Karosasın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Litva Seyminin xarici işlər daimi komitəsinin sədri Yustinas Karosasın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 24-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilmişdir.


Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə tamaşa edən qonaqlar, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.


Qonaqlara məlumat verilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.


Sonda nümayəndə heyətinin başçısı Yustinas Karosas xatirə kitabına ürək sözlərini yazmış, görkəmli siyasi xadim Heydər Əliyevin şərəfli adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldıqlarını ifadə etmişdir.