02.JPG
28 noyabr 2007

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Moskvadakı “Mir” kino-konsert salonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil edilmiş tədbir keçirilmişdir. Bu tədbir çərçivəsində nümayəndəliyin rəhbəri Leyla Əliyeva ilə görüş olmuşdur. Görüşdə Rusiyanın 40 regionunu təmsil edən gənclər təşkilatlarının fəalları, diaspor rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin və Federal milli-mədəni muxtariyyətin 200-dən çox nümayəndəsi iştirak etmişdir.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova görüşü açaraq, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat vermişdir. O, nümayəndəliyin rəhbərinin apardığı böyük işləri xüsusi vurğulayaraq bildirmişdir ki, qısa müddətdə Rusiyanın müxtəlif ali məktəblərində azərbaycanlı gənclər klubları yaradılmağa başlanmış, bir sıra regionlarda yerli administrasiya və diasporlarla görüşlər təşkil edilmişdir. Fond Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına böyük əhəmiyyət verir.

 

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev qeyd etmişdir ki, Azərbaycan diasporunun sıx birləşdirilməsi ideyası xalqımızın ümummilli lideri böyük Heydər Əliyevə məxsusdur. Bu ideyanın reallaşdırılması ÜAK-ın yaradılması ilə nəticələnmişdir və bu gün Konqresin gördüyü işlər ulu öndərimizin ideyalarının təcəssümüdür. E.Quliyev vurğulamışdır ki, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsil almaq imkanı gənclər siyasətinə çox böyük diqqət yetirən Prezident İlham Əliyevin böyük xidmətidir.

 

Sonra Rusiyanın müxtəlif regionlarını təmsil edən gənclərə söz verilmişdir. Onlar Fondun Rusiyadakı nümayəndəliyinin gənclərin sıx birləşməsini və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsini dəstəklədiyinə, müxtəlif layihələrin həyata keçirilməsinə köməyinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına şərait yaratdığına görə nümayəndəliyə təşəkkür etmişlər. Regionların kitabxana və məktəblərinin zəruri ədəbiyyat, dərsliklər və müxtəlif vəsaitlərlə təmin olunmasında Fondun fəal iştirakı xüsusi qeyd edilmişdir.

 

Leyla Əliyeva bu xoş sözlərə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, Rusiyadakı azərbaycanlı gənclər çox fəal, qabiliyyətli və müsbət əhval-ruhiyyəli gənclərdir. O demişdir: “Bizim hər birimiz harada olsaq da, Azərbaycana çox xeyir verə bilərik. Biz əlbir olsaq, daha böyük uğurlar qazanarıq”.

 

Sonra bayram konserti olmuşdur. Konsertdən əvvəl çıxış edən Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiyada fəaliyyətinin əsas prioritetləri barədə söhbət açaraq xüsusi vurğulamışdır ki, müasir dünyada anlaşılmazlıqlar, fikir ayrılıqları və saxta stereotiplər çoxdur. Bu şəraitdə mədəni dialoq bir sıra problemlərin həllinin universal açarıdır. Nümayəndəliyin prioritet vəzifələrindən biri də Azərbaycan ilə Rusiya arasında mədəni dialoqun inkişaf etdirilməsi və genişləndirilməsidir. Bununla əlaqədar Rusiya-Azərbaycan münasibətlərindən bəhs edən Leyla Əliyeva qeyd etmişdir ki, bu münasibətlər bir sıra istiqamətlər üzrə dinamik inkişaf edir və dövlətlərimizin başçıları onu strateji tərəfdaşlıq münasibətləri hesab edirlər. O, bu münasibətlərin inkişaf etdirilməsində gənc nəslin xüsusi rol oynamasını vurğulayaraq demişdir ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə hərtərəfli inteqrasiya etməli, onun ictimai-siyasi həyatına fəal cəlb edilməli, lakin eyni zamanda, öz milli mədəniyyətini qoruyub saxlamalıdırlar. Azərbaycan klublarının, bazar günü məktəblərinin və digər mədəni mərkəzlərin əhatə dairəsinin genişləndirilməsi vacibdir, azərbaycanlı tələbələr bu mərkəzlərdə öz dilini, mədəniyyətini öyrənmək, eyni zamanda, Azərbaycanda baş verən prosesləri izləmək imkanından istifadə etməlidirlər.

 

Leyla Əliyeva Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılmasına böyük ümidlər bəsləyir. O demişdir: “İnanıram ki, RAGT elə bir vahid məkan yaratmağa nail olacaq ki, orada azərbaycanlı gənclərin hər bir nümayəndəsi özünə münasib maraqlı ideyalar tapacaq, yeni dostlar qazanacaqdır. Biz istəyirik ki, bu təşkilat bir-birini sevmək, dostluq etmək, ünsiyyət saxlamaq, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini vermək istəyənlərin hamısı üçün bir növ körpü olsun”.

 

Sonra çıxış edən “Yedinaya Rossiya” Partiyası Ali şurası katibinin müavini, RF Dövlət Dumasında “Yedinaya Rossiya” fraksiyasının sədr müavini Valeri Ryazanski demişdir ki, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur və bunun çox böyük perspektivləri vardır. O, təmsil etdiyi partiyanın rəhbərliyinin tədbir iştirakçılarına təbrikini oxumuşdur. Sənəddə bildirilir ki, azərbaycanlı gənclərin forumu Rusiya üçün və “Yedinaya Rossiya” üçün çox məsul bir məqamda – Dövlət Dumasına seçkilər ərəfəsində keçirilir. Ona görə də bu aksiyanın ucsuz-bucaqsız ölkənin bütün guşələrindən buraya toplaşmış azərbaycanlı gənclər tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. V.Ryazanski demişdir: “Sizin Putinə və “Yedinaya Rossiya”ya səs verməyiniz təkcə öz vətəndaş mövqeyinizin nümayiş etdirilməsi deyil, həm də bizim ümumi qələbəmizin, Rusiyanın qələbəsinin təminatı olacaqdır”.

 

Leyla Əliyeva qonağa Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərdən bəhs edən kitab hədiyyə edərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki ölkə arasında dostluğun inkişaf etdirilməsinə həmişə böyük əhəmiyyət verirdi.

 

“Molodaya qvardiya” hərəkatı adından bu təşkilatın federal əlaqələndiricisi Aleksey Şapoşnikov çıxış etmişdir. O da müasir siyasi həyatda, ictimai-sosial proseslərdə gənclərin rolunu xüsusi vurğulamışdır.

 

Tver vilayətinin azərbaycanlı gənclərinin nümayəndəsi Ş.Məmişova iştirakçıları qəti əmin etmişdir ki, azərbaycanlı gənclər Putini dəstəkləyəcəklər.

 

Sonra tədbir iştirakçıları Azərbaycan haqqında, onun bugünkü uğurları haqqında süjetə tamaşa etmişlər.

 

Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır. Bakıdan gəlmiş solistlər və yaradıcı kollektivlər öz məharətlərini nümayiş etdirmişlər.


FOTO