IRAN - VITSE PREZIDENTI - GANCLAR TASHKILATI RAHBARI - HEYDAR ALIYEV FONDUNDA.JPG
31 oktyabr 2007

İranın vitse-prezidenti Əli Əkbərinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının rəhbəri höccətülislam Əli Əkbəri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri oktyabrın 31-də Heydər Əliyev Fondunda olmuşlar.


Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat vermişdir.


Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə tamaşa edən qonaqlar, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər. Vurğulanmışdır ki, ulu öndər bütün fəaliyyəti dövründə Yaxın Şərq ölkələri, habelə İranla münasibətlərə xüsusi diqqət yetirirdi.


Qonaqlara məlumat verilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.


Sonda Ə. Əkbəri xatirə kitabına ürək sözlərini yazmışdır. Qonağa Fondun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edilmişdir.


FOTO