4 yanvar 2006

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2005-ci ilin adamı” elan olunub

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı "2005-ci ilin adamı" elan etmişdir. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun bu münasibətlə yayılmış müraciətində deyilir:


"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir." Bu sözlərin müəllifi 2005-ci ildə öz işləri ilə sübut etdi ki, həqiqətən də, dövlət və xalq qarşısında öz məsuliyyətini başa düşür. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı" bir il ərzində onun təşəbbüsü ilə uğurla həyata keçirilən proqramların yalnız bir hissəsidir.


Milli mədəni irsimizin qorunub saxlanması və inkişafı 2005-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva üçün prioritet sahələrdən birinə çevrilmişdir. "Azərbaycan muğamları" layihəsi çərçivəsində milli ifaçılıq sənətimizin ən yaxşı nümunələrindən ibarət nəfis tərtibatlı "Qarabağ xanəndələri" musiqi albomu Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işıq üzü görmüş, bir sıra xarici ölkələrdə də böyük maraqla qarşılanmışdır. Bakının ən gözəl guşəsində - Milli parkda Beynəlxalq Muğam Mərkəzinin tikintisinə başlanması Mehriban xanımın musiqi mədəniyyətimizə, xalqımızın dəyərli insanlarının əbədi uyuduğu Mərdəkandakı məşhur Pir Həsən ziyarətgahının əsaslı təmir və bərpa edilməsi milli-mənəvi dəyərlərimizə həssas qayğısının təzahürüdür.


"YUNESKO - Azərbaycan: gələcəyə körpü" mövzusunda Parisdə və Bakıda geniş konfransların keçirilməsi, qaçqın və məcburi köçkün uşaqlarının təhsil problemləri ilə əlaqədar bu nüfuzlu quruma məruzə hazırlamaq məqsədi ilə YUNESKO-nun nümayəndələrinin Sabirabad, Saatlı və İmişli rayonlarındakı məcburi köçkün qəsəbələrinin, məktəblərin vəziyyəti ilə yaxından tanış olması YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilmişdir.


"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bir çox müəssisə əsaslı şəkildə bərpa olunaraq, müasir tələblər səviyyəsində yenidən qurulmuş, lazımi avadanlıqla təmin edilmişdir.


Respublikamızın şəhər və rayonlarda yerləşən və tam yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binaların tikilməsini əhatə edən proqram ötən il reallığa çevrilmişdir.


Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair keçən ildən icrasına başlanan layihə də Mehriban xanımın ideyasıdır.


Respublika Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın başçılığı altında görülən işlər sayəsində idmanın zəriflik, gözəllik, güc və incəsənəti özündə birləşdirən bu növü ölkəmizdə getdikcə populyarlaşmaqdadır. Respublikamızda Olimpiya hərəkatının genişlənməsinə öz töhfəsini verən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq, ötən il Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı yüksək səviyyədə hazırlanıb keçirilmişdir.


İnsanpərvərlik, humanizm, köməyə ehtiyacı olan konkret insanlara daimi qayğı, sosial problemlərin həlli ölkənin birinci xanımının xeyriyyəçilik fəaliyyətində ilboyu yenə də başlıca xətt olmuş, onun bu sahədə gördüyü işlər xalq tərəfindən razılıqla qarşılanmışdır.


Bütün bunları nəzərə alaraq, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan edir. Təbrik edirik".