Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Türkiyə paytaxtına gəlmiş Azərbaycan parlamentinin deputatları Ankaradakı Heydər Əliyev adına orta məktəbdə olmuşlar.
Məktəbin qarşısına toplaşmış şagirdlər və müəllimlər Azərbaycan nümayəndələrini hərarətlə qarşıladılar. Milli Məclisin deputatı Qənirə Paşayeva Heydər Əliyev Fondunun hədiyyələrini - ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitabları, kompakt diskləri, habelə müxtəlif dərs ləvazimatlarını məktəbin rəhbərliyinə təqdim etdi, Fondun prezidenti Mehriban xanım Əliyevanın səmimi salamlarını və xoş arzularını çatdırdı.
Deputatlarımız məktəbin sinif otaqları ilə tanış oldular, şagirdlər və müəllimlərlə səmimi söhbət etdilər.